Zaqatala, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər. Onların əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur və heç vaxt yaddaşlardan silinməyəcək. Belə qəhrəman Vətən oğullarından biri də 2016-cı il Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da başlanan antiterror əməliyyatının iştirakçısı, Zaqatala rayonundan olan şəhid Yunis Abbasovdur.
Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Yunis Abbasov 2024-cü il iyulun 15-də xidməti tapşırığı yerinə yetirərkən uçqun altında qalaraq həlak olub. Vəfatından bir gün sonra ona şəhidlik statusu verilib. Evli idi, 3 övladı yadigar qalıb.
AZƏRTAC-ın bölgə müxbiri şəhid Yunis Abbasovun evində olub, onun ailə üzvləri ilə görüşüb.
Abbasovlar ailəsi əvvəllər Ordubad rayonunun Biləv kəndində yaşayıb. Ailə 1993-cü ildə Zaqatala rayonuna köçüb. Ailə başçısı Vasif Abbasov söhbət zamanı bildirib ki, onların 4 övladı – 3 oğlu və bir qızı olub. Yunis uşaqların ən böyüyü idi. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət rayonda işləyib. Sonra yenidən ordu sıralarında xidmət etmək istədiyini bildirib. Müharibə başlananadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Tərtərdə işləyib. Vətən müharibəsi zamanı Tapqaraqoyunlu, Talış kəndi, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şəhid atası övladı barədə qürurla danışır: “Çox intizamlı idi. Ona iş buyurmaq lazım gəlmirdi. İstər evdə olsun, istərsə də işdə, nəsə çatışmazlıq hiss edirdisə, tez aradan qaldırmağa çalışırdı. Antiterror əməliyyatlarından sonra onların hərbi hissəsini Laçın rayonuna köçürdülər. 2024-cü il iyulun 15-də bədbəxt hadisə nəticəsində - Mirik kəndində ermənilərdən alınan blindajı (səngər-istehkamı) sökən zaman uçqun altında qalaraq şəhid oldu”.
Yunisin anası Raidə Abbasova övladının yoxluğuna hələ də inana bilmədiyini söyləyib. Şəhid anası deyib: “Oğlum Vətən müharibəsinin od-alovundan keçdi, sağ-salamat evə döndü. Heç özünə yer tap bilmirdi, əsəbiləşirdi. Deyirdi ki, şəhid olmaq mənə qismət olmadı. Yoldaşlarım gözümün qabağında şəhid oldular. Ancaq mən sağ qaldım. Oğlumun dediyinə görə, döyüş mövqeyində əsgər yoldaşları ilə bir daşın üstündə oturub dincəlirlərmiş. O, nəsə götürmək üçün bir anlığa durub gedib və həmin vaxt yoldaşlarının oturduğu yerə mərmi düşüb, hamısı şəhid olub. Özünü günahlandırırdı ki, mən niyə durub getdim. Deyirdim, ay bala, Tanrı sənə şəhid olmağa razılıq verməyib. Heç ağlımıza da gəlməzdi ki, bir müddət keçəcək, o, öz arzusuna qovuşacaq, şəhidlik zirvəsinə ucalacaq”.
Şəhidin həyat yoldaşı Əfsanə Abbasova Yunisin yoxluğu ilə barışmağın onun üçün də çox çətin olduğunu bildirir: “Onunla 2004-cü ildə ailə qurmuşuq. Hərbi xidmətini başa vurduqdan sonra evlənmişdik. 21 il bir yerdə yaşadıq. İki qızımız, bir oğlumuz var. Ailəsinə, Vətəninə bağlı insan idi. Üçüncü övladımız dünyaya gələndən bir müddət sonra bizə bildirdi ki, MAXE kimi xidmət etmək qərarına gəlib. Dedim ki, bu necə olur axı, bizim üç uşağımız var. Hətta ağladım ki, bəlkə getməsin. Dedi yox, getmək istəyirəm. Milli Orduda Quru Qoşunlarında xidmət edirdi. Evə çox az-az, əsasən məzuniyyətə çıxanda gəlirdi. Balaca oğlumuzu demək olar ki, çox az görürdü. Öz işini, torpağını, bayrağını hər şeydən üstün tuturdu. Hətta mən ona deyirdim ki, daha bəsdir xidmət etdiyin, evə qayıt, uşaqlarının yanında ol. Deyirdi ki, mən gəlim, o gəlsin, onda Vətənimizi kim qoruyacaq, kim qulluq edəcək. Sanki özü olmadan heç bir iş qabağa getməyəcəkdi. Çox məsuliyyətli insan idi”.
Şəhidin həyat yoldaşı söhbətinə davam edərək deyib: “Vətən müharibəsi başlamazdan bir həftə əvvəl evə gəlmişdi. Sanki bilirdi ki, gec-tez müharibə başlayacaq. Ancaq bizə heç nə demirdi. Sonra yenidən hərbi hissəyə qayıtdı. Sentyabrın 27-si gecə saat 3-ün yarısında mesaj yazmışdı ki, övladlarım sənə əmanət, çox yaxşı anasan, bilirəm, uşaqlara yaxşı baxacaqsan, haqqınızı halal edin. Taleyin qismətinə bax, o qanlı döyüşlərdən sağ-salamat çıxdı, atəşkəs dövründə bədbəxt hadisə nəticəsində şəhid oldu”.
Şəhidin xanımı deyir ki, ataları uşaqlarının yaxşı oxumağını və ali təhsil almağını istəyirdi: “Şükürlər olsun ki, qızlarımız atalarının arzusunu yerinə yetirirlər. Hər ikisi ali məktəb tələbələridir. Oğlumuz isə 6-cı sinifdə oxuyur”.
Şəhidin oğlu Vasif deyir ki, o da böyüyəndə atası kimi hərbçi olacaq, Vətənimizi göz bəbəyi kimi qoruyacaq, valideynlərinə layiqli övlad olacaq.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Abbasov Yunis Vasif oğlu “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.