AZ

TƏBİB-ə xatırlatma – “həkim çatışmazlığı yaşamayan çoxlu ölkələr var”...


Aydın Əliyev: “Rayon və kəndlərdə həkim çatışmazlığının səbəbi onunla bağlı deyil ki, həkimlər gedib orda işləmək istəmir”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı müşahidə olunur.

O bildirib ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir.

"Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə "Mental Klinika" layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - V.Qurbanov əlavə edib.

Ekspertlər TƏBİB rəhbərinin dünyanın başqa yerlərində də həkim çatışmazlığının olduğu barədə dediyinin doğru olmadığı qənaətindədirlər. Ekspertlər bildirir ki, bu problem Azərbaycandakı kimi heç bir yerdə özünü belə geniş şəkildə göstərmir. Yəni başqa ölkələrdə ciddi həkim çatışmazlığı yoxdur. Azərbaycanda həkimlərin işə qəbulu prosesinin çətin olması, yeri gəldi-gəlmədi onların sertifikasiyaya cəlb edilməsi və sair məsələlər var ki, bu da savadlı həkimlərimizin ölkəni tərk etməsinə səbəb olur. Həkim çatışmazlığının başlıca səbəblərindən biri gənc həkimlərin Türkiyə, Almaniya kimi ölkələrə getməsidir. Ekspertlərin sözlərinə görə, TƏBİB həkimləri lazımi şəraitlə təmin etmədiyi üçün onlar bu yolu seçirlər. Azərbaycan Dövlət Tibb Universitetini bitirənlərin əksəriyyəti özünə iş tapa bilmir.

Bir diş həkimi özünə bir kabinet açmaq istəyirsə buna görə lisenziya tələb olunur, lisenziyanın da qiyməti odu bahasınadır. Elə bir qiymət qoyurlar ki, həkim ya borc-xərc tapıb o pulu verib lisenziyasını alır, ya da işsiz qalır. Həkimlər üçün dövlət müəssisələrində də işə düzəlmək o qədər asan deyil. Bu istiqamətdə də çox böyük bürokratiya və süründürməçilik var. İkinci bir tərəfdən də, bir həkimin fərdi qaydada fəaliyyət göstərməsi üçün tələb olunan lisenziyanın qiyməti çox bahadır. Xüsusən də diş həkimləri üçün. Belə bürokratik məsələlərə görə həkimlər də gedib kənd və şəhər yerlərində işləmirlər. Həkimlər üçün bütün mümkün şərait yaxşı olarsa onlar qətiyyən işləməkdən boyun qaçırmazlar, işləyərlər. Həkim üçün şərtlər ağır olduğundan onlar gedib rayon və kəndlərdə işləmir.

“Onların bölgələrdə işləməsi üçün şərait olmalıdır, maaşları artırılmalıdır ki, problem həll olunsun”

Tibb Universitetinin dosenti, tanınmış həkim Aydın Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu gün dünyada qəribə bir sistem formalaşıb. O qeyd etdi ki, ekoloji tarazlığın pozulması, keyfiyyətsiz qidalar, sterslər, gərginliklər, müharibələr, qarşıdurmalar - bütün bunlar hamısı insanlığın əleyhinə işləyir. “Həkimlərin üzərinə düşən ən böyük vəzifə bu insanları sağaltmaqdır. Həkimlərin işi çox çətindir. Yeganə sənətdir ki, Allahın yaratdığı insana yalnız həkim kömək edə bilər. Ona görə də həkimlərimizin işini düzgün dərk etmək lazımdır. Cəmiyyətimiz gərək həkimlərin vəzifəsini qiymətləndirmək baxımından düzgün yanaşsın. Bu qədər gərginliyin içində həkimlərin əməkhaqqı çox aşağıdır. Digər tərəfdən, kənd və rayon yerlərində əhalinin sayının azalması, şəhərlərə üz tutması yerlərdə həkimlərin işinin azalmasına səbəb olur. Xəstəxanalar, poliklinikalar, tibbi məntəqələr gərək işləyə ki, həkim də orda işləsin, əhali də onun xidmətindən yararlansın. Rayon və kəndlərdə həkim çatışmazlığının səbəbi onunla bağlı deyil ki, həkimlər gedib orda işləmək istəmir. Xeyr. Onların bölgələrdə işləməsi üçün şərait olmalıdır, maaşları artırılmalıdır ki, problem həll olunsun. Bizim həkimlərin ölkəni tərk etməsinin səbəbi dediyim məsələlərdir. Başlıcası isə əməkhaqqının az olmasıdır. Bu gün Almaniyada işləyən xarici ölkə həkimlərinə diqqət yetirsək, Azərbaycandan gedən həkimlər birinci yerdədir. Orda bizim çox məşhur həkimlərimiz var, onlar arasında böyük kilinikalara rəhbərlik edənlər də az deyil. Bu həkimləri bizim Tibb Universiteti yetişdirib və bu bizim müəllimlərimizin əməyinin, zəhmətinin göstəricisidir. Savadsız həkimi heç vaxt heç yerdə qəbul etmirlər. Razıyam ki, müəyyən sertifikasiyalar, lisenziyalar məsələsi də var. Düzdür, savadlı həkimlərimiz sertifikasiyadan problemsiz keçirlər. Amma hamısı sanki bir ləngimə metodu yaradırlar. Bunun kökündə maaş azlığı və yerlərdə səhiyyə məntəqələri məsələsidir. Səhiyyə məntəqlərinə müraciət olunmalıdır. Həkimlərimiz canla-başla hər yerdə işləyərlər, “həkimlər gedib işləmək istəmir” kimi problem yoxdur”.

Yerlərdə həkim çatışmazlığının səbəbini A.Əliyev regionlarda tibbi mərkəzlərin, səhiyyə müəssisələrinin lazımi səviyyədə işləməməsi, müraciətlərin az olması ilə əlaqələndirir, sözsüz, burda maaşın az olmasını da əsas problem kimi önə çəkir.

İradə SARIYEVA

Seçilən
38
baki-xeber.com

1Mənbələr