AZ

Qarabağ və Şərqi Zəngəzur ən qısa vaxtda regionun və dünyanın ən abad bölgələrindən birinə çevriləcək - RƏY

30 ildən sonra işğaldan azad olunmuş Qarabağ torpaqlarına Böyük Qayıdış artıq reallığa çevrilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bölgədə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, infrastruktur yenilənir və doğma yurda qayıdış təmin olunur. “Böyük Qayıdış”ın növbəti mərhələsi kimi Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinə köçürülən sakinlərlə Prezident İlham Əliyevin görüşü həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Bu, təkcə köç prosesinin yox, həm də dövlətin və xalqın iradəsinin təcəssümüdür. Qarabağ artıq həyatın yenidən canlandığı, azərbaycanlıların öz doğma torpaqlarına qovuşduğu yurd yeridir. Dövlət başçısının şəxsən vətəndaşlarla görüşməsi, onların qayğı və ehtiyaclarına diqqət göstərməsi “Böyük Qayıdış” prosesinin təkcə infrastruktur deyil, eyni zamanda insana dəyər əsaslı yanaşma ilə həyata keçirildiyini nümayiş etdirir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir.

Ceyhun

Deputat bildirib ki, “Böyük Qayıdış”ın ən çox diqqət çəkən tərəflərindən biri Prezident İlham Əliyevin prosesdə birbaşa özünün iştirak etməsidir: “Cənab Prezident bölgələrə davamlı səfərlər edir. Bir neçə gün əvvəl Cəbrayıl rayonunun Horovlu kəndində oldu, rayonun mərkəzində məscidin, yeni binaların təməlini qoydu. Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərini də ziyarət etdi. Burada da yeni komplekslərin əsasını qoydu. Artıq Zəngilanda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunan bütün ərazilərimiz kimi Zəngilanda da “Böyük Qayıdış” prosesi sürətlə aparılır. Bu gün “Böyük Qayıdış”la bağlı cənab Prezidentin birbaşa səylərini görürük. Zəngilanda keçirdiyi görüşdə Prezident İlham Əliyev mühüm mesajlar verdi, böyük quruculuq işlərinin davam edəcəyini bəyan etdi. İşğaldan azad olunmuş ərazilərimiz böyük bir məydançaya bənzəyir. Bütün işlər yüksək səviyyədə həyata keçirilir. Cənab Prezidentin Qarabağa səfərlərinin ən önəmli tərəflərindən biri əhali ilə görüşüb, onlarla dialoqa girməsi, birbaşa təmasda olması, sakinləri dinləməsidir. Bütün bunlar göstərir ki, prosesə cənab Prezident özü rəhbərlik edir, insanlarla özü ünsiyyətdə olur. Bu həm Qarabağ sakinləri üçün, həm də ümumilikdə xalqımız üçün çox mühümdür. Bütün bunlar deməyə əsas veri ki, Qarabağ və Şərqi Zəngəzur ən qısa vaxtda regionumuzun və dünyamızın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”.

 

Milli Məclisin deputatı Müşfiq Cəfərov da bildirib ki, 2020-ci ildə Qarabağ torpaqlarının azad edilməsindən sonra qarşıda duran ən mühüm vəzifə bu ərazilərin bərpası, infrastrukturun yenidən qurulması və insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi idi:

Müşfiq

“Son beş il ərzində həyata keçirilən genişmiqyaslı layihələr məhz bu məqsədə xidmət etdi. Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəlişi Azərbaycanın gələcək inkişafının, regional sabitliyin simvoluna çevrilib. Prezident İlham Əliyev Qarabağa son səfəri çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndində məscidin təməlini qoyub, yeni çoxmənzilli yaşayış binalarının tikintisinin təməlqoyma mərasimlərində iştirak edib. Səfər zamanı “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməli qoyulub, enerji və digər infrastruktur obyektləri ilə tanışlıq olub, avtomobil yollarının bir hissəsinin açılışı həyata keçirilib. Prezident İlham Əliyevin Qarabağa baş tutan bu səfərləri, azad edilmiş torpaqlarda həyatın bərpası və bölgədə dayanıqlı infrastrukturun yaradılması istiqamətində mühüm addımdır. Qarabağın digər bölgələrində olduğu kimi, Zəngilanda da bərpa prosesi davam edir. Zəngilan şəhərində birinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Nəhəng vəsait və qüvvə tələb edən bərpa-quruculuq işlərini Azərbaycan öz imkanları hesabına həyata keçirir. Bu beş il ərzində görülən işlər təkcə fiziki infrastrukturun bərpası deyil, həm də sosial və iqtisadi həyatın dirçəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

 

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd

Tarix: 1 Noyabr 2025, 10:50   
Seçilən
31
pravda.az

1Mənbələr