AZ

Rusiya Qafqazda yeni “cəbhə” açır - sensasion hədə

Moskva konflikt mənbəyi olan bütün sferalarını itirir və hirsini Qərbin üstünə tökür - iki fərqli baxış

“Qərb qarşılıqlı əlaqələr strukturları hesabına Güney Qafqazı və Orta Asiya ölkələrini Rusiyadan ayırmağa çalışır. Moskva bu cür cəhdləri bütün mümkün vasitələrlə önləyəcək”. 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya Təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransının yüksək səviyyəli plenar iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazirin iddiasına görə, NATO və Avropa İttifaqı Mərkəzi Asiya və Güney Qafqaz ölkələri ilə öz dialoq və qarşılıqlı əlaqələr strukturlarını qurur və bu əlaqələrdən qarşılıqlı faydalı əməkdaşlıq üçün deyil, ölkələri Rusiyadan ayırmaq üçün istifadə etməyə çalışır: “Əlbəttə ki, biz bu cür meyllərin qarşısını bütün mümkün vasitələrlə - diplomatik, siyasi və iqtisadi vasitələrlə alacağıq”.

Xarici işlər naziri onu da vurğulayıb ki, Moskva “heç vaxt Orta Asiya və Qafqazdakı müttəfiqlərinin və eyni düşüncəli tərəfdaşlarının xoşməramlılığının istismar edilməsinə və sui-istifadə edilməsinə, yaxud ”Rusiyaya qarşı çıxmağa məcbur edilməsi" ilə razılaşmayacaq ki, hansı ki, onların iqtisadi və siyasi maraqları baxımından bu, tamamilə qeyri-təbiidir".

Lavrov böyük ehtimalla, Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında imzalanmış 8 avqust anlaşmalarını və noyabrın 6-da Ağ Evdə Trampın iştirakı ilə 5+1 formatında ABŞ və 5 Orta Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan) liderləri arasında keçiriləcək ikinci sammiti nəzərdə tutur.

Ancaq reallıq belədir ki, Rusiya artıq Qafqaz və Mərkəzi Asiya regionlarını əvvəlki kimi nəzarətdə saxlaya bilmir, sadəcə, təsir göstərməyə çalışır. Bu təsir çox vaxt diplomatik xəbərdarlıqlar, siyasi simvollar və ritorika səviyyəsində qalır. Yaxın illərdə Lavrovun bu kimi sərt bəyanatlarının daha tez-tez səslənməsi gözlənilir.

Məsələ ondadır ki, Rusiya təsir dairəsini, konflikt mənbəyi olan bütün sferalarını itirir. Bütün bunlar regional siyasət, regional təhlükəsizlik və beynəlxalq sülh üçün böyük əhəmiyyət daşıyır. Çünki Moskva beynəlxalq hüququ pozmaqda davam etdiyi bir zamanda yeni təhlükəsizlik arxitekturası formalaşır. Bu proses Cənubi Qafqazda sülhün bərqərar olması üçün real imkanlar yaradır.

Rusiyanın Qərbə bu qəbildən hədələri nə dərəcədə təsirli ola bilər? Buna onun yetərli resursu varmı?

Mütəllim

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Rusiya sınaqdan keçirdiyi son silahlar və Ukrayna cəbhəsindəki vəziyyət hesabına özünün güclü olduğunu nümayiş etdirməyə çalışsa da, insanların düşüncələrində getdikcə cılızlaşır: “İnsanın böyüklüyü onun boyu ilə ölçülmədiyi kimi, dövlətin də gücü onun hərbi potensialı ilə müəyyən olunmur. Əgər dövlət öz mövqeyində haqlı deyilsə və ədalət prinsipini gözləmirsə, onun hökmranlığına uzaqbaşı müvəqqəti dözülə bilər, lakin onunla barışılmaz. Hazırda Rusiya bax belə bir durumdadır. Özünün köhnəlmiş siyasəti, yekəxanalığı, digərlərinə yuxarıdan aşağı baxmağı ilə dostlarını da bezdirib. Rusiya müttəfiqləri ilə etibarlı tərəfdaş olmaq inamına da sarsıdıcı zərbələr vurub. Süni konflikt ocaqları yaradaraq təsir dairəsi formalaşdırmaq kimi ifşa olunmuş metodlar artıq bəhrə vermir. Bunun əvəzində inkişaf edən və insan haqlarını qoruyan Qərb daha cəzbedici görünür. Cənubi Qafqaz və Orta Asiya ölkələrinə münasibətdə Lavrovun mövqeyi də doğru deyil”. 

Partiya sədri inanmır ki, bu ölkələr kiminsə yanında olmağa çalışsınlar və belə bir istəkləri olsun: “Bu ölkələr coğrafi baxımdan Rusiyanın yanında olsalar da, mənəvi, hüquqi baxımdan müstəqildirlər. Uyğun dəyərlərə malik ölkələrlə birlikdədirlər. Xüsusilə, türk dövlətlərinin özünəməxsus birlik, əməkdaşlıq və strateji hədəfləri var. Bu ölkələrin başqa bir dövlətin yanında olmağa ehtiyacları yoxdur. Onlar Qərblə əməkdaşlıq qədər Şərqlə də əlaqələrə malikdirlər. Qərbin insana verdiyi dəyərlərlə Şərqin müasir iqtisadi inkişaf dinamikası qəbul edilə bilən nümunələrdir. Bunlar Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin siyasi və iqtisadi əməkdaşlığın çevrəsini müəyyən edən sahələrdir. 

Rusiya reallıqla barışaraq qonşuları, xüsusilə də keçmiş sosialist respublikaları ilə bərəbər əsaslı əməkdaşlığa üstünlük verməlidir. Əks halda hər kəs onu tərk edəcək. Heç bir dövlət tənəzzül yaşayan və inkişafdan qalan ölkə ilə birlikdə olmaq istəməz. Rusiya qorxutmaqla nəyəsə nail ola bilməyəcək. Süni maneələr prosesi qısa muddət ərzində ləngidə bilər, ancaq dayandıra bilməz". 

Onun fikrincə, Rusiyanın hədələri isə heç nəyi dəyişə bilməz: “Əksinə, ondan uzaqlaşmaları sürətləndirər. Çünki Rusiya-Ukrayna cəbhəsində bataqlığa düşüb. Özünün xilas olmağa və bunun üçün bir effektli yol tapmasına ehtiyacı var. Beynəlxalq münasibətlərə təsiri getdikcə azalmaqdadır, bu prosesdə iştiraka və müzakirələrə dəvət edilmir. Hədələri reallaşdırmaq üçün isə güc və iqtisadi potensial tükənməkdədir”.

Azərbaycan

 Elşən Mustafayev 

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev isə hesab edir ki, Ukrayna savaşı uzandıqca Rusiya təsir imkanları olan hər yeri itirəcək: “Rusiyanın xarici siyasətində Cənubi Qafqaz və Orta Asiya dövlətləri hər zaman öndə olub və bu maraqlarını daim dilə gətirib. Hətta zaman-zaman siyasətində kəskin ritorikaları da görmüşük. ABŞ-ın regionda maraqlarının və təsir imkanlarının artması Rusiyanın davranışlarında özünü göstərir. Gürcüstanda Saakaşvili hakimiyyəti zamanında, 2018-ci ildən sonra Ermənistana yönəlik apardığı siyasət Qərbin bu iki ölkədə aktivləşməsindən yaranan qıcığın nəticəsi idi. Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarının rəsmi Moskvanın iştirakı olmadan aparılması və bu istiqamətdə ciddi irəliləyişlərin əldə olunması, ən vacibi isə danışıqların ABŞ-da baş tutması Rusiyanı regionla bağlı bəyanatlar verməyə məcbur edib. Paralel şəkildə Orta Asiya ölkələri ilə bağlı aparılan danışıqlar, böyük iqtisadi layihələr ətrafında gedən işlər və noyabrda liderlərin ABŞ-da gözlənilən görüşü Rusiyanı ciddi narahat etməyə başlayıb. Bu narahatlığın əsas səbəbi isə özünün hazırkı durumunda gedən proseslərə təsiretmə imkanlarının hər keçən gün zəifləməsindən qaynaqlanır. Təbii ki, bunu büruzə verməmək üçün kəskin və təhdid dilində danışmaqla mövqelərini qoruma çalışır”. 

Onun sözlərinə görə, amma Ukraynada gedən müharibə səbəbindən Rusiyaya qarşı aparılan siyasi və iqtisadi təcrid kampaniyası onun müqavimət gücünü azaldıb: “Eyni vaxtda bir neçə cəbhədə imkanlarını səfərbər edə bilmir. Bunu yaxşı bildiyindən ABŞ Orta Asiya ölkələri ilə ilkin olaraq iqtisadi sahədə böyük imkanlar yaradacaq danışıqlara başlayıb. Məsələnin reallaşmasının əsas səbəbi isə bu ölkələrə münasibətdə siyasi yox, iqtisadi faktorların öndə olmasıdır. Bu da Mərkəzi Asiya dövlətlərini danışıqlarda məmnuniyyətlə iştirak etməyə stimullaşdırır. 

Eyni zamanda, Rusiyadan bir o qədər də uzaqlaşdırır. O ölkələr də yaxşı bilirlər ki, ABŞ-la münasibətlərindən narazı olan rəsmi Moskva əvvəlki kimi qorxulu deyil. Qərblə qarşıdurmada gücünü və üstünlüyünü geri qaytara bilməsə, gedən proseslərin qarşısını almaq çətin olacaq. Beləliklə, bu gedişatla Rusiyanın postsovet respublikalarının özündən uzaqlaşmasının qarşısını almaq imkanlarını zəif hesab edirəm. Amma məhz bu zəifliyin göstəricisi olaraq kəskin ritorikanın isə günü-gündən artacağını düşünürəm. Eyni zamanda, Ukrayna ilə apardığı müharibə uzandıqca nəinki Cənubi Qafqaz və Orta Asiya, ümumiyyətlə, hər istiqamətdə təsir imkanlarının tükənəcəyi ehtimalları da böyükdür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



Seçilən
30
musavat.com

1Mənbələr