İri oyunçuların bazarına daxil olmamağımızın səbəbi açıqlandı
Azərbaycan kripto adaptasiyası üzrə qlobal reytinqdə 151 ölkə arasında 90-cı yerdə qərarlaşıb. “Chainalysis” şirkətinin hesabatına əsasən, qlobal kriptovalyuta reytinqində Azərbaycan Salvador (89) və İrlandiya (91) arasında qərarlaşıb.
Hesabatdan aydın olur ki, Azərbaycan adi fərdi istifadəçilərin mərkəzləşdirilmiş platformalarda (məsələn, Binance, Coinbase və s.) apardıqları kripto əməliyyat həcminə görə orta aktivlik səviyyəsinə malikdir və bu göstərici üzrə 83-cü olub. Kriptovalyuta üzrə ümumi tranzaksiya dəyərinə görə ölkə mərkəzləşdirilmiş kripto bazarda orta səviyyəli oyunçu kimi qiymətləndirilir və 81-ci olub. Mərkəzləşdirilməmiş maliyyə (məsələn, Uniswap, Aave, Curve) sektorunda Azərbaycanın kripto üzrə göstəriciləri (97-ci yer) zəif olub. Bu, texnoloji biliklər və hüquqi infrastrukturun inkişaf səviyyəsi ilə əlaqələndirilir.
Ölkə iri investorlar və şirkətlərin kripto əməliyyatlarının həcminə görə 82-ci yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, kripto bazarında şirkətlərin, fondların və ya iri investorların mərkəzləşdirilmiş platformalarda etdiyi əməliyyatların həcmi azdır. Yəni ölkədə əsasən fərdi istifadəçilər aktivdir, amma böyük maliyyə institutları hələ kütləvi şəkildə bazara daxil olmayıb.
Ümumi nəticələr göstərir ki, Azərbaycan kriptovalyuta bazarına tədricən daxil olma mərhələsindədir. Ölkədə fərdi istifadəçilər tərəfindən kripto əməliyyatları müəyyən fəallıqla aparılır, lakin mərkəzləşdirilməmiş maliyyə və institusional seqmentlərdə inkişaf potensialı yüksək olaraq qalır(APA).
Azərbaycanda iri oyunçuların kriptovalyuta bazarına daxil olmamasının əsas səbəbi, mütəxəssislərə görə, bazarı tənzimləyən hüquqi bazanın yaradılmaması ilə bağlıdır. Son on ilə yaxın dövrdə ölkənin müasir maliyyə bazarının yeni və sürətlə böyüyən bu seqmentində fəaliyyəti tənzimləyəcək hüquqi bazanın formalaşdırılması ilə bağlı müxtəlif vədlər verilsə də, irəliyə doğru təsirli addımlar demək olar ki, qeydə alınmayıb. Yalnız Azərbaycan Mərkəzi Bankı ötən il maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi və uğurlu nəticə göstərən məhsulların geniş miqyasda tətbiqi üçün normativ-hüquqi əsasların formalaşdırılması məqsədilə xüsusi tənzimləmə rejimi tətbiq edib. Bu proses çərçivəsində ötən ilin oktyabrında ilk mərhələ üzrə 4 məhsul sınaq müddətində tətbiq olunmaq üçün seçilib.
Mərkəzi Bank bu ilin avqust ayında ilk mərhələdə sınağa qəbul olunan dörd məhsulun qiymətləndirməsi nəticəsində iki məhsul üzrə faəliyyətlər dayandırılıb, ikisinin fəaliyyət müddədi uzadılıb.
Fəaliyyət müddəti uzadılanlardan biri “Pasha Pay” MMC - “m10" tətbiqinin ”Binance" platforması ilə inteqrasiyası layihəsidir. Layihə kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçüb “m10" tətbiqinin ”Binance" platformasına inteqrasiyasını nəzərdə tutur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və cüzdanlardan məxaric edə bilərlər. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.
İkinci layihə “Unicapital İnvestisiya Şirkəti” ASC-nin “Kriptobroker” platformasıdır. Mərkəzi Bank bildirir ki, “Kriptobroker platforması” virtual aktivlərin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.
İcrası dayandırılanlardan biri “Svort” MMC - Kripto ticarət platforması, digəri “Mobile Payment Solutions” MMC -nin “PortCoin” kriptovalyutasının emissiyası layihəsidir. Tənzimləyici bunu “sınaq müddətində gözlənilən sınaq nəticələrin əldə olunmaması” ilə izah edib.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “PortCoin”inin dayandırılmasını Azərbaycanın kripto və innovasiya ekosistemi üçün neqativ bir yanaşma kimi qiymətləndirib. Onun fikrincə, bu, geriyə doğru addım hesab oluna bilər. Onun sözlərinə görə, Qazaxıstanda, Özbəksitanda, Gürcüstanda və digər region ölkələrində kripto ekosistemin inkişafı istiqamətində ciddi addımlar atılır və qanunla tənzimlənir.
Azərbaycanda bu sahədə hüquqi bazanın formalaşdırılmaması isə maraq doğurur. Bir çox ekspertlərə görə, dünyada hələ kriptovalyuta bazarına tam və effektiv nəzarəti təmin etmək mümkün olmayıb. Buna görə də Azərbaycan hökuməti tam nəzarət edə bilməyəcəyi platformanı qanuniləşdirmək istəmir.
Maraqlıdır ki, ölkədə ilk dəfə olaraq kriptovalyuta üzərinə həbs qoyulması faktı qeydə alınıb. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Cinayət işi üzrə Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən qərar qəbul edilib.
Yazını hazırladı: Dünya SAKİT