AZ

Kim deyə bilər ki, Simenon qrafomandır?

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Kənan HACI Səhər Balzakın hekayəsinin tərcüməsini bitirdim və mətnin üzərində redaktə işi apardım. Günorta sənət dostlarımızla görüşüb çay süfrəsi arxasında bir neçə saat fikir mübadiləsi apardıq. Təbii ki, söhbətin ana mövzusu sənət idi. Bəzən elə hallar olur ki, yaradıcı adamlar bir araya toplaşıb sənətdən başqa hər şeydən danışırlar. Belə də olur. Biz isə özümüzü vaxtı, zamanı dəyərləndirənlər qisminə aid etdiyimizdən bizdən bir masa o tərəfdə lövbər salmış vaxt qatillərindən (bütün günü nərd, domino çırpan zavallılardan) fərqli olaraq günümüzü səmərəli keçirməyə çalışırdıq. Seneka deyirdi ki, həyatın qısalığından şikayət etmək əvəzinə ondan mümkün qədər dolğun istifadə etməliyik. Mənasız işlərə vaxt itirməyəndə həyat lazımlı işləri görməyə kifayətdir. Ömrü fövtə verən, papağı günə yandıran adamlar gərək Senekanın sözlərini sırğa edib qulaqlarından assınlar. Enerjini yaradıcılığa yönəltmək insanı xilas edir. Ağrılardan, mənəvi əzablardan, boşluqdan, heçlikdən, qorxudan, bu günün terminləriylə desək, stressdən, depressiyadan, şizofreniyaya sürüklənməkdən...Bu yazını yazmağa başlayanda divar saatına göz atdım, gecə saat ikinin yarısı idi. Bu vaxt insanların böyük əksəriyyəti yuxu bişirməklə məşğul olur. Mən isə beynimdəki fikir burulğanlarından xilas olmaq üçün bilgisayarımda təzə fayl açmaq məcburiyyətindəyəm. Bu xoş məcburiyyət artıq illərdir ki, məndə avtomatik vərdişə çevrilib. Düşüncələrimi mümkün qədər yazıya köçürməyə çalışıram. Yazıçı özünü gündəlik yazı vərdişinə alışdırmalıdır. Bu, onun həyat tərzinə çevrilməlidir. Bəzən çox yazanlara qrafoman yarlığı yapışdırırlar. Az yazmağın dahiləri olduğu kimi (məsələn, Xuan Rulfo, Selincer) çox yazmağın da dahiləri olub. Jorj Simenon detektiv yazsa belə, halbuki xeyli sayda ciddi romanları var, yaşamı boyunca 200 roman qələmə alıb. O, gün ərzində 60-80 səhifə yazırmış, macəra romanlarını 3-4 günə yazıb bitirirdi. Təsəvvür edin, yazı makinası onun fikirlərinin sürətiylə ayaqlaşa bilmədi. Belə olan halda Simenon makinanı bir kənara atıb fikirlərini maqnitofona diktə etməyə başladı. Beləcə, “Mən diktə edirəm” silsiləsindən 21 cildlik memuarlar yaranır. Kim deyə bilər ki, Simenon qrafomandır? Lap uzaqlara getsək, qədim yunan filosofu Epikür olduqca məhsuldar adam idi. Deyilənə görə, o, papirus kağızları üzərində üç yüzə qədər kitab yazmışdı. “Bəşəri komdeya”nın müəllifi Onore de Balzak bəşəriyyətə 90-dan çox roman yadigar qoyub. Çox yazmağın qramfonalıqla qətiyyən əlaqəsi yoxdur. İnsan təfəkkürü çevikdirsə, yaradıcı mexanizm daim işlək vəziyyətdədirsə, yazıçı mütləq yazmalıdır. Qrafomanlıq istedad kateqoriyası üçün qətiyyən keçərli deyil. İstedadın yoxluğundan əziyyət çəkən adamların yazdığı mətnlər zatən, bədii dəyərdən məhrumdur. Qrafomaniya plagiatlığın qonşuluğunda yaşayır. Qısır düşüncə çarəni plagiatlıqda görür. Orta əsrlərdə müəlliflik anlayışı hələ formalaşmadığı üçün plagiat mənfi hal hesab edilmirdi. Renessans dövründən başlayaraq fərdi müəlliflik anlayışı meydana gəldi və bundan sonra plagiat mənəvi oğurluq kimi qəbul edildi, plagiata qarşı hüquqi mexanizm yarandı. Bu gün isə artıq müəllif hüquqlarını qoruyan agentliklər mövcuddur, plagiatı müəyyən edən xüsusi proqramlar plagiat bazarına öldürücü zərbəni vurmaqdadır. Yeni texnoloji resurslar fikir oğrularını asanlıqla müəyyən edir. Bir sözlə, yazmaq-yaratmaq istəyirsənsə, pətəyində öz balın olmalıdır, bala şəkər tozu qatmaqla kimisə aldada bilməzsən. Plagiatdan istifadə edən yazarcıqlar ucuz qiymətə saxta bal satan dələduzlardan heç nəylə fərqlənmir. İndinin oxucusu da xalis sözü qəlp düşüncədən ayırmağı bacarır, onu da hərifləmək asan məsələ deyil. Bu, həm də özünüaldatmadır ki, təbabətdə bu xəstəlik mitomaniya adlanır. Yazıçını hansı psixoloji amillər bu xoşagəlməz hala təhrik edə bilər? Pul müqabilində başqaları üçün əsərlər yazan istedadlı adamlar var ki, onlar ədəbi kölələr adlanır. Bu da başqa bir rəzalətdir. Bir adam niyə öz beyninin məhsulu olmayan bir əsərin üzərinə imzasını yazdırsın ki? Yəqin ki, bu sualların cavabı psixologiyada var. Mən psixoloq olmadığım üçün dərin qatlara enmirəm. Halbuki yazıçı həm də yaxşı psixoloq olmalıdır. O, insan psixologiyasını dərindən bilmədən hər hansı bir obrazı yarada bilməz. Plagiatın, qrafomanının dərdi isə heç bir şərhü-bəyanə sığmaz. Gecənin sonuna yolçuluğu burda saxlayaq. Artıq yuxu neyronlarının xəfif titrəyişi söhbətimizə xitam verməyi tələb edir. Siseronla Simenonu səhv salmaq təhlükəsi yarana bilər. Növbəti yazılarda görüşənədək!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
reyting.az

2Mənbələr