Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan "ART Weekend" bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib.
Rəsmi açılışda "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Milli Məclisin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli və digər qonaqlar iştirak ediblər.
Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olunur. Festivalın Heydər Əliyev Mərkəzindəki açılış tədbirində isə "Mənim dənizlərim, mənim okeanlarım" ("My Seas, My Oceans") sərgisinin və məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərlərindən ibarət "Bədii formanın təntənəsi" ("The Triumph of Form") sərgisinin təqdimatı keçirilib.
Açılış tədbirində qonaqlar "DanceAbility Azərbaycan" tərəfindən hazırlanan rəqsi də izləyiblər. "DanceAbility Azərbaycan" İnklüziv Performans Şirkətinin hədəfi ustad dərsləri, müəllim təlim proqramları, əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişləri vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.