Böyük Zəfərdən beş il ötüb, lakin o günün sevinci, o qələbənin əzəməti xalqımızın yaddaşında və ürəyində eyni təzəliklə yaşayır. Tarixin axarını dəyişən həmin gün - 8 Noyabrda biz millət olaraq bir yumruq kimi birləşdik. O gün səngərdə döyüşən əsgərlərin ürəyindəki inamla evdə dua edən anaların göz yaşında, bayrağımızı sevinc göz yaşları ilə öpən insanların baxışında eyni duyğu vardı - Qələbə sevinci!
Bu gün o hiss yenə də yaşayır, çünki o Zəfər bizim kimliyimizin, birliyimizin rəmzidir. Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsi olan bərpa və yenidənqurma dövrü başladı. İndi Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyat yenidən doğulur: yollar çəkilir, evlər, məktəblər, uşaq bağçaları, körpələr evi, mədəniyyət ocaqları inşa olunur. Bu torpaqlara qayıdan hər bir vətəndaş dövlətin qayğısını, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bəhrəsini görür.
Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük qayıdış" proqramı Azərbaycanın ən mühüm dövlət prioritetinə çevrilib. Bu proqram insanların azad edilmiş torpaqlara, tarixə, mədəniyyətə, kimliyə və milli ruha qayıdışıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri Azərbaycanın gələcəyə inamla baxdığını, müasir dövlətçilik ideallarını ən yüksək səviyyədə reallaşdırdığını göstərir.
Azad edilmiş torpaqlarda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında salınan yeni yaşayış məntəqələri, müasir infrastruktur, bərpaolunan enerji layihələri və ekoloji təmizlik prinsipləri həsrətdən çat vermiş torpaqların yenidən doğuluşunu təmin edir. Hər tikilən ev, çəkilən yol, bərpaolunan məscid və məktəb xalqımızın əzmini, dövlətimizin qüdrətini əks etdirir. Qarabağda dalğalanan üçrəngli bayraq artıq sülhün, inkişafın və qürurun simvoluna çevrilib. Bu gün Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl kimi rayonlarda həyata keçirilən layihələr Azərbaycanın gücünün, xalq-dövlət birliyinin bariz göstəricisidir. Böyük qayıdış ümummilli ideyanın gerçəkləşməsi, xalqımızın gələcəyə inamının möhkəmlənməsidir. Bu qayıdışla Azərbaycan yalnız dağıdılmış şəhərləri deyil, həm də uzun illərin nisgilini, yaralı xatirələri yenidən işığa, həyata çevirir.
Bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq aləmdə qalib, nüfuzlu və söz sahibi olan dövlət kimi tanınır. Cənab Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində ölkəmizin mövqeləri möhkəmlənib, beynəlxalq təşkilatlarla əlaqələr genişlənib. Dünya bir daha gördü ki, Azərbaycan öz haqq işi uğrunda mübarizəni müharibə meydanında olduğu kimi, diplomatiya masasında da ləyaqətlə davam etdirir, regional və qlobal miqyasda sabitliyin, ədalətin və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sülhün və inkişafın təşəbbüskarı kimi qəbul olunur. Danılmaz faktdır ki, indi Cənubi Qafqazda sülhün və əməkdaşlığın bərqərar olunması məhz Azərbaycanın iradəsindən, ədalətli və ardıcıl siyasətindən asılıdır.
Azərbaycanın səsi artıq dünyanın ən nüfuzlu tribunalarından eşidilir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda ölkəmizin təşəbbüsləri dəstəklənir və nümunə kimi göstərilir. Bu, Prezident İlham Əliyevin milli maraqları qətiyyətlə müdafiə edən diplomatiya xəttinin və xalqın dövlət ətrafında birliyinin nəticəsidir. Azərbaycanın qazandığı siyasi, iqtisadi və mənəvi uğurlar sübut edir ki, bu xalq öz taleyini özü müəyyənləşdirir, öz gələcəyini özü qurur.
Zəfərin 5 illiyi sadəcə bir tarixi hadisənin ildönümü deyil, xalqımızın birliyinin, inamının və dövlətinə olan sarsılmaz etimadının bayramıdır. Azərbaycan xalqı həmin qüruru öz qəlbində daşıyır. Çünki bu qələbə hər birimizin əməyinin, duasının və sevgisinin nəticəsidir. Bu qələbə yüz illərlə davam edən ədalət mübarizəmizdə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, ordumuzun rəşadəti və xalqımızın sarsılmaz iradəsi ilə qazanılmış şanlı bir tarixdir. Zəfər bayramı bizə bir daha xatırladır ki, xalq-dövlət birliyində hər bir məqsəd əlçatandır.
Azərbaycan artıq daha güclü, daha qürurlu və gələcəyə daha inamla baxan bir dövlətdir. Qalib xalqın nümayəndəsi olmaq hər birimiz üçün həm fəxr, həm də məsuliyyətdir. Qarabağda, Şərqi Zəngəzurda bərpa və quruculuq işləri, azad edilmiş torpaqlarda həyatın yenidən canlanması bu Zəfərin əbədiliyinin rəmzidir. Bərpa və yenidənqurma gələcək nəsillərə verilən mesajdır: qalib xalqın torpaqlarında həyat yenidən boy atır, ümidlər hər addımda dirçəlir. Azərbaycan daim güclü, qürurlu və inamlıdır.
Bu gün azad Qarabağ torpaqlarında ucalan bayrağımız şəhidlərimizin ruhunu, xalqımızın şərəfini və dövlətimizin gücünü təcəssüm etdirir. Biz bu Zəfəri şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın səbir və birliyi hesabına qazandıq. Azərbaycan daha güclüdür, daha möhkəmdir. Qarabağ və Şərqi Zəngəzur artıq inkişaf, sülh və tərəqqinin mərkəzidir. Zəfərin qürurunu özündə əks etdirən bu torpaqlarda keçmişin ağrı-acısı unudulmasa da, insanlar xoşbəxt və firavan yaşayırlar. Bu beşillik dövr qalib xalqın sarsılmaz iradəsinin, Zəfərin əbədiliyinin və Azərbaycanın gücünün ən parlaq göstəricisidir. Prezident İlham Əliyevin müdrik siyasəti, xalqın dəstəyi və ordumuzun gücü ilə bu yol davam edir. Zəfərin 5 illiyi tariximizin qızıl səhifəsi, gələcək nəsillərə örnək olan qəhrəmanlıq dastanıdır.
Zeynəb ƏLİYEVA,
Bərdə şəhər 9 saylı körpələr evi-uşaq bağçasının müdiri