Qarabağ və Şərqi Zəngəzur torpaqları azad olunandan sonra didərgin düşmüşlər od-ocağı sönmüş doğma yurdlarına dönərək sübut etdilər ki, vətən sevgisi külü soyumuş ocaqları yenidən alovlandırmağa qadirdir.
Ona görə də bu qayıdışa yalnız torpağa deyil, köklərə, tarixə dönüş, gələcəyə üz tutmaq da demək olar. Hər daşında bir xatirə, hər ağacında bir nəfəs, hər övladının qəlbində bir ümid gizlənən Qarabağ torpaqlarına üz tutmaq Böyük qayıdışdır. Bu qayıdış ruhun torpağa qovuşması, doğma yurda yolçuluqdur. Böyük qayıdış bir millətin mənəvi dirçəlişinin, illərlə sıxılan duyğuların və azadlığının simvoludur.
Böyük qayıdış təkcə evlərin bərpası, yolların çəkilməsi deyil ki! Yurda dönüş insanların ürəyində 30 il sönməyən bir ümidin gerçəkliyə çevrilməsidir. Bu gerçəklikdə hər tikilən evlə bərabər, bir həyat, bir xatirə, bir gülüş fonunda millətin ruhu yenidən doğulur. Çünki torpaq yalnız üzərində yeridikdə, yaxud da yaşadıqda deyil, seviləndə vətən olur. İnsan həyatında bir yer var ki, nə qədər uzaq olsa da, ruhu daim ora bağlı qalır. Qarabağdan köçən insanların da ürəyi illərlə o torpaqlarda qaldı. Hər bayramda, hər yaz yağışında, hər payız küləyində yaddaş yenidən o yollara qayıdırdı. Bu, özünü tapmaq, öz ruhuna qovuşmaq deməkdir.
İndi isə həmin yollar gerçək qayıdışa aparır. İnsanlar doğma torpaqlara dönərkən sanki iç dünyalarında itirdikləri bir parçanı tapırlar. İndi Böyük qayıdışla bağlı hər tikilən ev, bərpa edilən yol insanların həyatına yeni nəfəs gətirir. Bu qayıdışın dərin mənası ondadır ki, o, xalqın yaddaşını dirildir. İllərlə boş qalan kəndlərdə indi yenidən uşaq səsləri eşidilir, ağaclar insanların nəfəsi ilə canlanır, ocaqlar tüstülənir. Hər tikilən ev, hər əkilən ağac sanki deyir: "Biz burdayıq, Vətənimiz burdadı". Bu torpaqlarda indi həm keçmişin izləri, həm də gələcəyin addımları var. İnsanların gözündə qəribə bir nur var. O həm sevincin, həm minnətdarlığın, həm də vətənə qayıtmağın işığıdır.
Böyük qayıdış, əslində, insanın içindəki vətəni oyadır. İnsan doğma torpağa qayıdanda onunla birgə iç dünyasında sükunət tapır, köklərinə bağlanır, ruhən yenilənir. Qayıdış həm də birliyin, inamın rəmzidir. Hər ailə, ayrılıqda hər insan bu qayıdışın bir hissəsidir. Çünki vətən yalnız torpaq deyil, o həm də insanların ruhundan, sevgisindən və yaddaşından ibarətdir. Böyük qayıdış bu birliyi yenidən formalaşdırır və göstərir ki, heç bir zaman, heç bir güc bir xalqın yaddaşını silə və ümidini qıra bilməz.
Böyük Qayıdışa dair I Dövlət Proqramı artıq yüzlərlə ailənin həyatına sabitlik, ümid və gələcək gətirib. Bu proqram çərçivəsində tikilən evlər, məktəblər, çəkilən yollar yurd həsrətinə son qoyulmuş insanların həyatının bərpası, yaddaşının dirçəlişi deməkdir. İnsanlar illərlə xəyal etdikləri yurd yerlərinə dönərək, o torpaqlarda yenidən həyat qururlar. Artıq Cəbrayılda, Zəngilanda, Füzulidə uşaqlar məktəb yollarına çıxır, ocaqlar tüstülənir, həyətlərdə gül əkilir. Bu mənzərə təkcə sevinc deyil, həm də dözümün, inamın və xalqın birliyinin simvoludur.
Hər bir kəndin və ailənin yenidən nəfəs alması, ümidlə dolması Prezident İlham Əliyevin 28 oktyabr səfərində daha da aydın görünürdü. Dövlət başçısının Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində sakinlərlə görüşü, evlərin açarlarını təqdim etməsi rəsmi mərasimdən çox, insanların xatirələrinə, arzularına qayıdışı və gələcəyə inamı əks etdirirdi. Prezident ilk olaraq Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edərək, mənzillərin açarlarını sakinlərə təqdim edib. Qeyd edək ki, ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev tikilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi olan su, işıq, qaz, günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib.
Məlumdur ki, Zəngilanın Ağalı kəndi Şərqi Zəngəzurda ilk dəfə "ağıllı kənd" konsepsiyası ilə inşa olunub. Burada həyat yalnız müasir texnologiyalarla asanlaşdırılmır, eyni zamanda kənd sakinlərinin rifahı, təhsil və sağlamlıq imkanları da müasir dövrün tələblərinə uyğunlaşdırılır. Burada evlər müasir kommunikasiya sistemləri ilə təchiz olunub, kənd infrastrukturu isə gələcəyin standartlarına uyğun qurulub. Layihə həm sakinlərin rahatlığını təmin edir, həm də bölgənin inkişaf potensialını göstərir. Bu baxımdan Ağalı kəndinin ikinci mərhələsinin tikintisinin başa çatması böyük önəm daşıyır. Prezident İlham Əliyevin Ağalı və Məmmədbəyli kəndlərinin açılışında iştirak etməsi dövlətimizin Böyük qayıdış prosesinə verdiyi yüksək önəmi bir daha nümayiş etdirdi. Ağalı və Məmmədbəyli kəndlərində görülən işlər Böyük qayıdış strategiyasının konkret nəticələrini ortaya qoyur. Belə ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103-dür. Tikililərin 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli, ikibloklu "Townhouse" tipli binalarda yerləşən mənzillərdən ibarətdir. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb, ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Məmmədbəylidə də 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Evlərdə günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub.
Dövlət başçısı sakinlərlə görüşərək onlara mənzillərin açarlarını təqdim etdi, yeni infrastruktur və yaradılmış müasir şəraitlə tanış oldu. Əslində, Prezident İlham Əliyevin səfərləri yalnız rəsmi mərasim deyil, həm də xalqımızın doğma torpaqlara qayıdışının, ümid və gələcəyə inamının canlı təsdiqidir. Məmmədbəyli və Ağalı sakinləri ilə görüş zamanı dövlət başçısı çıxışında Böyük qayıdışın xoş məqamlarını öz sözləri ilə vurğuladı: "Bu gün Böyük qayıdışın növbəti mərhələsidir. Bilirsiniz ki, biz "Böyük qayıdış" proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib. Biz buranı keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağac yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qurub-yaradırlar, əkib-becərirlər. Dövlət nə lazımdırsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz".
Prezident İlham Əliyev keçmiş köçkünlərin evlərinin açarlarını təqdim edərkən sanki uzun illərin ayrılığını "xoş gəlmisiniz" sözləri ilə bitirdi. Çünki hər ailə, hər kənd dövlət başçısının səfərləri fonunda yenidən nəfəs alır, torpaq dirçəlir, həyata yeni ruh gəlir. Böyük qayıdış dövlətin gücünü, xalqın iradəsini və torpaqla insan arasındakı əbədi bağın bərpasını ifadə edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"