Yekun barış müqaviləsi ilə bağlı texniki mərhələlər bitib
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşü zamanı verdiyi mesajlar, xüsusən bu bölgənin çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcəyini bəyan etməsi, əslində, mütləq hərbi-siyasi zəfərimizin ardınca həyata keçirilən məqsədyönlü siyasətin uğurunun göstəricisidir. Belə ki, çoxsaylı maneələrlə qarşılaşdığımız ikili standartlara baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti ilə özünün geosiyasi mövqelərindən nəinki geri çəkilmədi, üstəlik, zəfərlərin nəticələrini diplomatik qələbələrlə daha da möhkəmləndirdi, yaranan yeni reallığın qlobal miqyasda qəbullanmasına nail oldu.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, dünya birliyi Azərbaycanın işğal və təcavüzə hərbi-siyasi yolla son qoyduğu status-kvonun alternativsiz olduğunu bu bölgəni Orta dəhlizin vacib seqmenti kimi qəbul etməklə göstərmiş oldu: "Məhz bu reallıq fonunda dövlət başçımızın Zəngilandan da ifadə etdiyi kimi: "Zəngəzur dəhlizi həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq". Əlbəttə, bu, bölgə üçün yeni mərhələ hesab olunmalıdır.
Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında paraflanmış sazişin 10-cu maddəsi ilə tərəflər müxtəlif sahələrdə, o cümlədən tranzit, nəqliyyat istiqamətləri üzrə razılaşmaları mümkün hesab edir. Sənədin preambulasında da ifadə olunduğu kimi, Azərbaycan və Ermənistan bu məsələdə, o cümlədən digər strateji istiqamətlərdə bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinin təcili zərurətini anlayaraq razılığa gəliblər. Həm Bakı, həm də İrəvanda hesab olunur ki, Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yaranan və bölgəyə ədalətli, hərtərəfli, davamlı sülh vəd edən və buna de-fakto nail olan geosiyasi situasiyada ümumi işə və xalqların rifahına dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə vermək, o cümlədən iki dövlət arasında mehriban qonşuluq münasibətlərini bərqərar etməklə nail olmaq mümkündür".
Deputat vurğulayıb ki, Azərbaycan hər zaman ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün ali niyyətlərindən biri kimi bəyan edib. Dövlətimiz özünün Konstitusiyasında başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etdiyini, başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağı arzu etdiyini təsbit edir.
B.Məhərrəmov qeyd edib ki, Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yük kimi Qazaxıstan taxılının Ermənistana daşınması Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı ilə Astanada mətbuata birgə bəyanatında da ifadə etdiyi kimi, Azərbaycanla Ermənistan arasında sülh artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisi kimi qiymətləndirilməlidir: "Azərbaycanın müvafiq iradə nümayişinə qədər Ermənistan birmənalı şəkildə İran və Gürcüstan üzərindən heç bir ciddi perspektiv vəd etməyən və normal standartlarda ehtiva olunmayan çıxışlar istisna olmaqla, dalan dövlət statusunda idi. Bunun kökündə Ermənistanda dövlət səviyyəsində həyata keçirilən işğal və təcavüz siyasəti, həmçinin beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin kobud pozuntusu ilə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində Ermənistanın bilavasitə dəstəyi və iştirakı ilə separatizmin mövcudluğu dayanırdı. Azərbaycan ötən 30 illik dövrdə Ermənistana daim bu reallıqları başa salmağa çalışır, sülh yolu ilə işğal və təcavüzə son qoyaraq ölkəmizin iştirakçısı və hərəkətverici qüvvəsi kimi çıxış etdiyi qlobal miqyaslı layihələrdən faydalanmağa çağırırdı. Lakin uydurma ideyaların və mifik siyasi ideologiyanın əsirinə çevrilmiş Ermənistan dövləti və erməni cəmiyyəti heç bir real siyasi, hüquqi və hərbi əsas olmadan işğalı əbədi davam etdirəcəklərinə inanır, işğal altında saxladıqları torpaqların onlara regional əməkdaşlıqdan daha çox fayda gətirəcəyini düşünürdülər. Amma Azərbaycan dövlətinin və şəxsən cənab İlham Əliyevin həyata keçirdiyi strateji addımlar zamanla çoxsaylı dəstəkçilərinə baxmayaraq, Ermənistanın Cənubi Qafqaz siyasətinin iflasa məhkum olduğunu ortaya qoydu".
Deputat bildirib ki, Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmağa, inkişaf etdirməyə, bu əlaqələrdən həm Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır. Lakin qeyd etdiyimiz kimi, ötən dövr ərzində işğal və təcavüz faktoru Cənubi Qafqazda əməkdaşlıq mühitinin tam bərqərar olunmasına imkan vermirdi. Düzdür, Azərbaycan regionda sülh və sabitliyə olan ümidini heç zaman itirmirdi, hələ 2000-ci il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin Yeni Əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciətində açıq formada ifadə olunurdu ki, Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə həll olunmasını mümkün hesab edir və bundan sonra da bu istiqamətdə səylərini davam etdirmək əzmindədir. Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi, mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarət olmalıdır. Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində böyük hərbi-siyasi zəfərlərinin ardınca tutduğu mövqe, yəni qalib olmasına baxmayaraq, hər hansı eskalasiyaya yol verməməsi, bütün güc və imkanlarını sülh uğrunda səfərbər etməsi ölkəmizin 25 il sonra da öz mövqeyini qəti formada qoruduğunu göstərdi.
Deputatın sözlərinə görə, Azərbaycan hərbi-siyasi zəfərlərinin ardınca yaranan yeni geosiyasi reallıqda sülh və etimad quruculuğu prosesinə xüsusi diqqət ayıraraq dayanıqlı sülhə və əməkdaşlığa regionda təhlükəsizliyin təməl prinsipi kimi baxdığını bəyan edib. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, sülh prosesinin təməlində birmənalı şəkildə uzlaşdırılmış maraqlar dayanmalıdır, xüsusən iqtisadi maraqların qarşılıqlı uyğunlaşdırıldığı bir şəraitdə əldə edilə biləcək sülh gözləndiyindən daha uğurlu nəticələrə gətirib çıxara bilər. Azərbaycanın ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı bu mənada Bakının mövqeyində nə qədər səmimi olduğunu bir daha nümayiş etdirdi. Beləliklə, Ermənistan özünün işğal və təcavüz siyasəti nəticəsində dirəndiyi dalan və öz günahı ucbatından məruz qaldığı iqtisadi blokadadan çıxmaq istiqamətində tarixi şans əldə etdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın müvafiq mövzuda hökumətin iclasındakı çıxışından da göründüyü kimi, İrəvan cənab İlham Əliyevin onlara verdiyi şansın əhəmiyyətini dərk etməyə başlayıb və başa düşür ki, bu ölkə işğal, təcavüzlə yox, ikitərəfli münasibətlərdə beynəlxalq hüquq və Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş rəhbər tutulmaqla qurulacaq əlaqələrdən fayda götürə bilər. "Nikol Paşinyanın Tbilisidə "İpək yolu" beynəlxalq konfransında Prezident İlham Əliyevə bu qərarına görə minnətdarlığını ifadə etməsi, o cümlədən öz minnətdarlığını İrəvanda hökumətin iclasında da səsləndirməsi onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin memarı olduğu yeni konfiqurasiyada tərəflər artıq əməkdaşlıq yoluna qədəm qoya bilib. Aydındır ki, özünün beynəlxalq məsuliyyətini dərk edən, sülhə və sabitliyə sədaqətinə şübhə edilməyən Azərbaycan bu prosesdə maraq və mənafeləri tam təmin olunmuş subyekt qismində çıxış edir. İlk növbədə siyasi faydalardan başlasaq, birmənalı şəkildə beynəlxalq ekspertlərin də ifadə etdiyi kimi, Prezident İlham Əliyevin Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması üzrə atdığı addım epizodik deyil, bir strategiyadır və bu strategiya regionun gələcəyinin yalnız etimad və qarşılıqlı əməkdaşlıqla mümkün olduğunu praktik şəkildə ortaya qoyur. Ermənistana münasibətdə məhdudiyyətləri aradan qaldırmaqla cənab İlham Əliyev həm də onu göstərdi ki, sülh yalnız nəzəri hissədə sənədlər, protokollar və müqavilələr üzərində bərqərar ola bilər. Regiona və insanlara faydalı olan tərəf isə sülhə praktik səviyyədə nail olmaqdır ki, Azərbaycan da bu istiqamətdə kifayət qədər aydın iradə ortaya qoya bildi", - deyə deputat əlavə edib.
B.Məhərrəmov deyib ki, Prezident İlham Əliyev bu qərarı ilə bir zamanlar ölkəmizin ərazisini işğal və təcavüzə məruz qoyan Ermənistanı Cənubi Qafqaz kimi mürəkkəb bir bölgədə regional tərəfdaşa çevirmək istiqamətində qətiyyətli gedişləri ilə beynəlxalq hüquqa zidd niyyətlərdən arındırmaqla və mürəkkəb bir bölgədə həmin dövlətlə əməkdaşlıq mühiti qurulması istiqamətində real fəaliyyətlə, sözün əsl mənasında, Azərbaycan nümunəsi ortaya qoydu. Tərəflər Vaşinqtonda analoji istiqamətdə niyyətlərini nümayiş etdirdi və bu istiqamətdə iradənin ifadə olunduğu iki ölkə arasında sülhün və dövlətlərarası münasiblərin bərqərar edilməsi sahəsində Sazişin paraflanmasını həyata keçirdilər. Lakin sirr deyil ki, bu gün qlobal təcrübədə bir çox sənəd imzasının mürəkkəbi qurumadan lazımsız kağız parçasına çevrilir. Prezident İlham Əliyev Vaşinqton Sazişinin praktik müstəvidə realizəsi istiqamətində qətiyyət göstərməklə həm də onsuz da ciddi nüfuz itkisinə məruz qalan beynəlxalq hüquqa olan münasibətin müsbət istiqamətdə dəyişməsinə təkan verdi.
Deputat qeyd edib ki, beləliklə, Azərbaycan və Ermənistan arasındakı ritorika, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində həyata keçirilən danışıqlar, aidiyyəti komissiyaların birgə fəaliyyəti regionda yekun sülh istiqamətində vahid iradənin mövcudluğu barədə düşünməyə əsas verir. Lakin Ermənistanın hələ də konstitusion islahatlara getməməsi, yəni Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan müddəaların qüvvəsini qoruması narahatlıq doğurmaqdadır: "Amma dəyişməyən bir reallıq var ki, Azərbaycanın hərbi-siyasi yolla yaratdığı yeni reallıq və müharibədən dərhal sonra məhz cənab İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesi nəticəsində bu gün faktiki olaraq Cənubi Qafqazda de-fakto sülh hökm sürməkdədir. Ermənistanın Baş naziri Nikol Paşinyanın özünün də dəfələrlə ifadə etdiyi kimi, Azərbaycan-Ermənistan şərti sərhədlərində və birbaşa təmas xəttində artıq hərbçilər ölmür, silah səsi gəlmir. Bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə imzaladığı sənədlər, o cümlədən sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair sazişin paraflanması bu reallıqların rəsmiləşdirilməsi istiqamətində son nöqtə rolunu oynaması ilə start verilən vətəndaş cəmiyyəti səviyyəsində qarşılıqlı səfərlər, sülh və etimad mühitinə yönəlik çağırışlar məhz bu reallıqların üzərində dayanıb. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan yekun sülh müqaviləsinin imzalanması istiqamətində bütün texniki və digər köməkçi mərhələləri arxada qoyub. Sülhün rəsmən bərqərar olunması üçün isə Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın konstitusion səviyyədə Azərbaycana münasibətdə ərazi iddialarından imtina etməsini gözləyir, bunun yolu isə qərb qonşumuzun islahatlara getməsindən keçir. Biz sülhün ən qısa zamanda bərqərar olunmasını arzu edirik, lakin prosesdən asılı da deyilik. Cənab İlham Əliyevin Zəngilandan da ifadə etdiyi kimi - "Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"