Geostrateji mövqedə yerləşən Cənubi Qafqaz hər zaman xarici
güc dairələrinin marağında olub. Bu bölgədə daim münaqişə, müharibə olmasında
maraqlı tərəflərin olduğu danılmazdır. Çünki sülh və sabitlik olmayan yeri təsir
dairəsində saxlamaq, orada mövqelərini möhkəmləndirmək bəzi qüvvələr üçün daha
asan olur.
Düz üç onillik boyu Qarabağ münaqişəsinin danışıqlar yolu ilə
həllinin dalana dirənməsi də belə məkrli niyyətlərin region üçün ağır nəticəsi
idi. Buna görə idi ki, nə bu münaqişənin həll edilməsi üçün missiyalandırılan
ATƏT-in keçmiş Minsk qrupu, nə də digər qərəzli Qərb dairələri iki ölkə
arasında konstruktiv dialoqa töhfə vermir, işğalçını beynəlxalq hüququn tələb və
normalarına uyğun məsuliyyətə cəlb etməyi düşünmürdülər. Digər yandan münaqişənin
hərb yolu ilə həllini mümkünsüz variant kimi təlqin etməyə çalışırdılar. Bu qeyri-müəyyən vəziyyət
Azərbaycan ərazilərinin düz 30 il ərzində işğal altında qalmasına gətirib
çıxardı.
Həmin dövr ərzində bölgədə gərginlik bitmədi, sülh istiqamətində
bir arpa boyu belə yol alınmadı. Ta ki 44 günlük savaş nəticəsində Azərbaycan
illərdir Qordi düyününə çevrilmiş Qarabağ münaqişəsinə birdəfəlik son qoyana qədər.
Ölkəmiz Vətən müharibəsindəki parlaq zəfərlə həlli imkansız görünən işləri həyata
keçirdi. Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı, sülh üçün parlaq səhifələr
açdı.
Qətiyyətli siyasətin nəticəsi
Vətən müharibəsindən dərhal sonra rəsmi Bakı barış üçün
lazım olan əməli addımları atmağa başladı, iki ölkə arasında münasibətlərin
yaxşılaşdırılması üçün İrəvana beynəlxalq hüququn normalarına cavab verən 5
prinsip təqdim etdi. Ancaq həmin vaxt Ermənistan sülh sazişinin mətninə
"Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyirdi deyə, 2024-cü ilə qədər
tərəflər arasında müsbət istiqamətdə irəliləyişlərə nail olunmadı. Prosesə qərəzli
Qərb dairələrinin müdaxiləsi isə normallaşmadan daha çox münaqişənin yenidən
qızışdırılmasına xidmət edirdi. Bu, destruktivlik nümayiş etdirən Fransanın
nümunəsində də aydın müşahidə olunurdu.
Parisin siyasi təxribatı ucbatından Azərbaycanın 5 oktyabr
2023-cü ildə keçirilən Qranada görüşündə iştirakdan imtina etməsini hər kəs
yaxşı xatırlayır.
2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiterror
tədbirləri sayəsində suverenliyini təmin edən ölkəmiz erməni separatizminin
kökünü kəsdi və Qərb dairələrinin regiona təsir gücünü yox elədi. Bununla iki
ölkə arasında sülh üçün tarixi şans yarandı. Düzdür, bundan sonra da Ermənistan
davamlı olaraq xarici himayədarlarından silah, siyasi dəstək alaraq revanşa həvəsləndirilirdi.
Ancaq Azərbaycanın milli maraqlarının təmini istiqamətində yürütdüyü qətiyyətli
siyasət Ermənistan üzərindən bölgəyə yerləşərək buranı müharibə ocağına çevirmək
istəyən xarici təsir güclərinin planlarını pozdu, İrəvana sülhdən başqa çıxış
yolu qoymadı.
Bakının dönməz və qətiyyətli siyasəti sayəsində Azərbaycan-Ermənistan
normallaşma prosesi 2024-cü ilin əvvəlindən etibarən müsbət yönə istiqamət
aldı. Əldə edilən uğurlardan biri Ermənistan və Azərbaycanın vasitəçilərə lüzum
görmədən dialoqlara başlaması oldu və bunun sayəsində müəyyən razılaşmalar əldə
edildi. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilməsi,
sərhəd dirəklərinin quraşdırılmasına başlanılması, Qazax rayonunun kəndlərinin
qaytarılması kimi əməli addımlar atıldı. Ardınca iki ölkə arasında sülh sazişi
layihəsinin mətni ətrafında danışıqlar prosesi yekunlaşdı.
Bu ilin 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin
Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri
Nikol Paşinyanla görüşü siyasi əhəmiyyəti, sülhə verdiyi töhfəsi ilə yadda
qaldı. Adıçəkilən görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində
reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparıldı, razılaşmalar əldə
edildi.
Mühüm nəticələri ilə diqqət çəkən Əbu-Dabi görüşü 8 avqust
tarixli Vaşinqton zirvəsi üçün vacib təməl yaratdı.
Tələblər ləngidilmədən yerinə yetirilməlidir
Həmin tarixdə Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Trampın iştirakı ilə Ermənistan-Azərbaycan arasında Birgə Bəyannamənin
imzalanması, vacib razılaşmaların əldə edilməsi bölgədə de-fakto sülhün təmin
olunması anlamına gəlir. Dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan
XİN rəhbərləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi
haqqında Saziş" layihəsi paraflanıb. Vurğulayaq ki, sülh mətni hesab
olunan bu sənəd Bakının irəli sürdüyü şərtlər əsasında hazırlanıb. Ağ Evdə Zəngəzur
dəhlizinin (TRIPP) açılması ilə bağlı
razılığın əldə olunması Cənubi Qafqaza inkişaf və əməkdaşlıq üçün parlaq gələcək
vəd edir.
Avqustun 8-də Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın
media nümayəndələrinə müsahibəsi zamanı bildirdi ki, bu nəqliyyat marşrutu -
qısaltması TRIPP kimi səslənən "Trampın Beynəlxalq Sülh və Rifah
Marşrutu" daha bir tarixi nailiyyət olacaq: "Amma yenə də daha əvvəl
qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul
olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki,
regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri
öz üzərinə götürəcək investorlar tapılacaq".
Məhz Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma
prosesinin, sülh gündəliyinə sadiqliyinin nəticəsidir ki, Cənubi Qafqazda
uzunmüddətli barış, inkişaf, qarşılıqlı əlaqələr və tərəqqi üçün şərait
yaranıb. Onilliklər boyu adı münaqişə ocağı kimi hallanan, silah səsləri səngiməyən
bölgə indi barış, əməkdaşlıq ünvanı kimi
adından söz etdirir. İki ölkə arasında heç bir vasitəçiyə ehtiyac görülmədən
dialoqların aparılması, razılaşmalar əldə edilməsi, etimad quruculuğu tədbirlərinin
görülməsi vacib məqamlardır.
Normallaşmaya aparan yolda İrəvanın sülh gündəliyinin tələblərini
necə və nə zaman yerinə yetirməsi də vacib əhəmiyyət daşıyır. Çünki Prezident
İlham Əliyevin təbirincə desək, Ermənistanın yerinə yetirəcəyi ev tapşırıqları
var.
Bunlardan
birincisi Ermənistan konstitusiyasında ediləcək dəyişiklikdir. Məlumdur ki, 8
avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi Ermənistan konstitusiyasının preambula hissəsində
Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Konstitusiyada dəyişiklik
ediləndən sonra sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq. Buna
görə də Ermənistan qəbul etdiyi sülh gündəliyinin tələblərini sözdə ifadə
etdiyi kimi, əməldə də yerinə yetirməkdə yubanmamalıdır. Əks təqdirdə bu, Cənubi
Qafqazda sülh prosesinin ləngiməsinə səbəb olar. Bu isə qətiyyən arzuolunan
ssenari deyil və nəticəsi elə İrəvanın özü üçün pis olar. Çünki hərtərəfli
böhran yaşayan Ermənistanın qurtuluş yolunun sülhdən keçməsi gerçəkliyi göz
önündədir.
Yasəmən
MUSAYEVA,
"Azərbaycan"