Müəllif - Fərid İslamov - Banco.az
OPEK Katibliyi çərşənbə axşamı dünya KİV-lərində yayılan, OPEK+ ölkələrindən səkkizinin könüllü hasilat məhdudiyyətlərindən vaxtından əvvəl çıxaraq üç ay ərzində hasilatı gündə 500 min barel artırmaq planları ilə bağlı xəbəri təkzib edib. Bu barədə OPEK-in bəyanatında bildirilir.
“Bu iddialar tamamilə həqiqətə uyğun deyil və çaşdırıcı xarakter daşıyır. Hazırda nazirlər arasında qarşıdakı görüşlə bağlı müzakirələr hələ başlanmayıb. Bununla əlaqədar OPEK Katibliyi KİV-ləri öz məlumatlarında daha diqqətli və məsuliyyətli olmağa çağırır ki, neft bazarında lazımsız spekulyasiyalara səbəb olmasınlar,” — deyə bəyanatda qeyd olunur.
Hasilatın artırılmasının müzakirə edildiyi barədə məlumatı çərşənbə axşamı Bloomberg agentliyi, anonim bir nümayəndəyə istinadən yayıb.
Sentyabrın əvvəlində OPEK+ ölkələrindən səkkizi — Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Əlcəzair, BƏƏ, Qazaxıstan və Oman — hasilatı 2026-cı ilin sonuna qədər məhdudlaşdıran 1,65 milyon barel/gün könüllü ixtisarların mərhələli şəkildə ləğvi barədə qərar qəbul etmişdi. Oktyabrdan etibarən kvotalar gündə 137 min barel artırılacaq, lakin əvvəlki azalmaların kompensasiyası nəzərə alındıqda, faktiki artım sentyabra qədər 177 min barel/gün ola bilər.
Əgər Bloomberg-in istinad etdiyi qərar 5 oktyabrda keçiriləcək iclasda qəbul olunsa, OPEK+ bu məhdudiyyətlərdən artıq 2026-cı ilin fevralında tamamilə çıxmış olacaq.