Ölkənin və cəmiyyətin tərəqqisi üçün təhsilli qadınların sayının artması vacibdir
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Ölkəmizdə erkən nikaha qarşı mübarizə və gənc qızların təhsilli olmasına yönəlmiş tədbirlər ardıcıl şəkildə davam etdirilir. 2021-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” həyata keçirilir. Təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Təhsilli ana təhsilli övlad, savadlı cəmiyyət deməkdir.
Təhsilli, savadlı gənc qızlara istəkləri əleyhinə olan qərarlara boyun əydirmək, hüquqlarını tapdalamaq o qədər də asan olmur. Qızların təhsilli olması xüsusən erkən nikahla bağlı problemin yaşandığı son illərdə daha da aktuallaşıb. Bu mənada AQUPDK-nin həyata keçirdiyi layihə təqdirəlayiqdir. Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı – 2025”in təqdimat mərasimi keçirilib.

Mərasim “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra rəsmi çıxışlar dinlənilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan dövlətinin qadınların və qızların təhsilinə göstərdiyi diqqətin ölkənin sosial və iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. B.Muradova qeyd edib ki, xalqımızın uzun illər boyu yaratdığı ənənələr bu gün də davam etdirilir. Dövlətimizin əldə etdiyi uğurlar Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil, mədəniyyət və humanitar sahələrə göstərdiyi diqqətinin nəticəsidir.

Komitə sədri təşkilatçılar və tərəfdaşlarla birgə, həmçinin milli sahibkarların dəstəyi ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin artıq 5 ildir icra olunduğunu və bu müddətdə 238 gənc qızın proqramdan yararlandığını deyib. Eyni zamanda layihənin daha çox gənc qız arasında populyarlaşdığı və ölkənin bütün regionlarından müraciətlərin daxil olduğunu vurğulayan sədr, iştirakçıların ölkəmizin 57 rayonunu və 16 şəhərini təmsil etdiyini diqqətə çatdırıb. B.Muradova, layihə təqaüdçüləri arasında mühəndislik, texnologiya və informasiya elmləri sahələrinə qəbul olanların sayının xeyli artdığını söyləyib. Bildirib ki, qızların kompüter, neft-qaz, informasiya təhlükəsizliyi, data analitikası və kimya mühəndisliyi kimi ixtisasları seçməsi cəmiyyətimizdə qeyri-ənənəvi peşələrə gənclərin, xüsusilə qızların cəlb olunmasında uğurlu nəticələrin göstəricisidir. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qadınların cəmiyyətdə rolunun onların təhsildə inkişafı ilə sıx bağlı olduğunu bildirib. Nazir qeyd edib ki, qızların təhsilə cəlb olunması yalnız fərdi deyil, həm də ictimai maraqlara xidmət edir və bu istiqamətdə atılan addımlar güclü gələcəyin əsasını qoyur.

O, ali təhsilli qadınların sayının artmasının uşaqların təhsilinə, gələcək inkişafına, eləcə də cəmiyyətin və ölkənin tərəqqisinə müsbət təsir göstərdiyini söyləyib. Təhsilin İnkişaf Fondunun İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlı bildirib ki, bu il “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” çərçivəsində 93 tələbə qız təqaüd dəstəyi almaq imkanı əldə edib. O, layihənin icrası dövründə ümumilikdə 300-ə yaxın tələbənin bu proqramda iştirak etdiyini deyib. Əlavə edib ki, indiyədək Fond tərəfindən həyata keçirilən təqaüd proqramlarına 3 mindən çox müraciət daxil olub və 400-dən artıq tələbə qız bu layihələrdə iştirak edib. İ.Bayramlı, Fondun bu təşəbbüsünü həm strateji bir hədəf, həm də böyük məsuliyyət kimi qiymətləndirildiyini vurğulayıb. Mərasimdə təqaüd proqramının iştirakçısı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Duyğu Əsgərli də çıxış edərək layihənin gənc qızların təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Proqram çərçivəsində qazandığı bilik və təcrübələrdən bəhs edib, təşkilatçılara təşəkkürünü bildirib. Mərasimdə təqaüd proqramına seçilən tələbələrə sertifikatlar təqdim olunub və bədii hissə ilə tədbirə yekun vurulub.
Qeyd edək ki, təqaüd proqramının məqsədi həssas təbəqədən olan, eyni zamanda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənc qızların təhsilinə dəstək vermək, onların sosial rifahına və elmi inkişafına töhfə verməkdir. Proqram çərçivəsində seçilən tələbələrə aylıq təqaüdlər təqdim olunacaq.
Gender əsaslı problemlərin həllində maarifləndirmə işinin böyük əhəmiyyətini əsas götürülərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən indiyədək də bır sıra tədbilər həyata keçirilib. Komitə tərəfindən “Açıq qapı” günləri, “Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi”, “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi, jurnalistlər arasında “Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi, Uşaq Səfirlər Məclisi, “Ailəm könüllüləri” proqramları, “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı”, Bakının Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında maarifləndirici görüşlər keçirilməsi buna misaldır. Bu günlərdə həmçinin Oğuz və Daşkəsən rayonlarında seminarlar keçirilib. Seminarların keçirilməsində məqsəd bələdiyyələrdə gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmənin genderə həssas yanaşma, gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi və bələdiyyələrin bu sahədə maarifləndirilməsidir. Ekspert Abil Bayramov tərəfindən keçirilən seminarlarda bələdiyyə sədrləri və üzvləri iştirak ediblər. Növbəti seminarların Ağsu, Ucar və Kürdəmir rayonlarında keçirilməsi planlaşdırılıb.
Bütün bu tədbirlər hər nə qədər maarifləndirici xarakter daşısa da, gender əsaslı problemlərin həllinə yönəlsə də, təəssüf ki, xoşagəlməz, hətta faciəli hadisələr yenə də baş verir. Astara rayonunda öz toyunun axşamı 17 yaşlı gənc qızın vəfatı sarsıdıcı xəbər oldu. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, oktyabrın 28-i, saat 22:00-da 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunur.
Bu faciəli hadisənin baş verməsində, gənc qızın həyatının ilk bahar çağında sönməsində şübhəsiz, cəmiyyət üzvü olaraq hər birimiz günahkarıq. Onu ölümə sürükləyən valideynləri, ailə üzvləri, qohum-əqrəba, kənd camaatı, yerli icra orqanları, təhsil müəssisəsi, pedaqoji heyət, müəllimlər, sinif yoldaşları, erkən nikaha qarşı ciddi mübarizə aparmalı olan əlaqədar qurumlar – hamı.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirdi ki, Astarada baş verən hadisə ilə erkən nikahın vəsilə olduğu daha bir faciə ilə qarşılaşdıq. Hadisə onu göstərir ki, bəzi valideynlərin övladından xəbəri yoxdur:

- Necə olur ki, bir valideyn, xüsusilə də ana bir evdə yaşadığı qızının vəziyyətindəki dəyişikliyi müşahidə edə bilmir. Necə ola bilər ki qızı hamiləliyin 7 ayına çatır, valideynin bundan xəbəri yoxdur. Xəbəri varsa, nə üçün onların toyu hamiləliyin 7-ci ayında baş tuturdu? Xəbər tutan kimi toy olubsa, deməli, bu valideynlərin gözü görmür. Yəni elə bir qadın ola bilməz ki, 7 aylıq hamilə olsun, lakin onun bədən quruluşunda heç bir dəyişiklik baş verməsin. Digər tərəfdən baxaq. Ana ölümü o zaman baş verir ki, döl bətndə əvvəlcə inkişafdan qalır, sonra ölür. Daha sonra isə yavaş-yavaş ananın qanı zəhərlənməyə başlayır və ölümlə nəticələnə bilir. Yəni bu, bir-iki gün ərzində baş vermir. Buna xeyli zaman lazımdır. Deməli, ötən 7 ay ərzində hamilə qadın bir dəfə də olsa, həkim müayinəsindən keçsəydi, dölün vəziyyəti barədə məlumatı olardı. Buradan belə bir nəticə hasil olur ki, istər qızın, istər də oğlanın anası 17 yaşında olan hamilə qızı həkimə aparmaqdan çəkinib: utanıb, 17 yaşı olduğu üçün suallar yağışından, məsuliyyətdən qorxub. Lakin şadlıq sarayında toy etməkdən çəkinməyiblər. Erkən nikaha daxil olan iki gəncin səhvini - yəni nikahdankənar münasibətini utanmazcasına şadlıq evində təntənəli şəkildə qeyd ediblər. Ölümlə nəticələnən hadisədə bir çox insan məsuliyyət daşıyır: birinci qızın rəsmi nikaha girmədiyi “həyat yoldaşı”, daha sonra hər iki gəncin valideynləri və “Ata Yurdu” şadlıq evinin rəhbərliyi. Onların hər biri hadisənin baş verməsində bilavasitə günahkardırlar: həyat yoldaşı 17 yaşlı qızı cinsi münasibətə sövq etdiyi üçün, valideynlərin hər biri hadisəni bilə-bilə gizlətdiyi və ölkədə nikaha daxilolma yaşı 18 olduğu halda 17 yaşlı övladlarını evləndirməyə təşəbbüsdə olduqları üçün, şadlıq evinin rəhbərliyi isə erkən nikah olan toy üçün qapısını açıb dövlətin qanunlarına qarşı çıxdığı üçün cəzalandırılmalıdır. Bir gəncin həyatı məhv oldu. Arzuları, gələcəyi torpağa gömüldü. Nə üçün? Bəzi valideynlərin övladından xəbərsiz olduğu, onlara yetərli qədər vaxt ayırmadığı üçün. Aidiyyəti qurumların zəif fəaliyyəti, maarifləndirmə aşağı səviyyədə olduğu üçün. Ətrafdakı insanların - evlənən gənclərin iş yoldaşlarının, tanışlarının, qohumlarının, rəfiqə və dostlarının baş verməkdə olan hadisəni görüb gizlətdiyi, “məndən ötsün”, dediyi üçün. Çox təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də belə hadisələr baş verir. Və ona da çox təəssüf olsun ki, bu kimi hadisələrlə tez-tez rastlaşırıq, lakin nəticə çıxarmaq qabiliyyətimiz hələ də formalaşmır.