AZ

İspaniya konkistadorların Meksikada törətdiyi zülmü 500 il sonra etiraf edib

Berlin, 1 noyabr, AZƏRTAC

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares 500 il əvvəl ispan konkistadorların Meksikanın yerli xalqlarına qarşı törətdiyi zülm və ədalətsizlikləri ilk dəfə etiraf edib.

AZƏRTAC xəbər verir ki, o, Madriddə meksikalı qadınlara həsr olunmuş sərginin açılışındakı çıxışında bu hadisələrin ortaq tarixə aid olduğunu və onların unudulmamasının vacibliyini bildirib.

Meksika Prezidenti Klaudia Şeinbaum bəyanatı müsbət qarşılayaraq, bunu iki ölkənin münasibətlərində düzgün istiqamətdə atılmış ilk addım kimi qiymətləndirib. Dövlət başçısı deyib ki, törədilmiş ədalətsizliklərə görə təəssüf hissinin ifadə olunması mühüm tarixi əhəmiyyət daşıyır.

Xose Manuel Albaresin açıqlaması rəsmi üzr sayılmasa da, bu mövzu Meksikanın keçmiş Prezidenti Andres Manuel Lopez Obradorun 2019-cu ildə İspaniya Kralına və Roma Papasına ünvanladığı müraciəti xatırladır. Həmin məktubda XVI əsrdə ispanların yerli xalqların işğalı və tabe etdirilməsi üçün üzr istənilməsi tələb olunmuş, lakin Madrid bu müraciətə rəsmi cavab verməmişdi.

Tarixi mənbələrə əsasən, ispan konkistadorlar Xristofor Kolumbun gəlişindən sonra Meksikada yerli xalqlara qarşı amansız hərbi yürüşlər edib, qızıl və hakimiyyət uğrunda mübarizə aparıblar. Avropadan gətirilən xəstəliklər nəticəsində yüz minlərlə yerli sakin həyatını itirib, katolik kilsəsinin təsiri altında qədim mədəniyyətin bir çox abidəsi məhv edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
87
1
azertag.az

2Mənbələr