AZ

Alimlər veyplərin ölümcül təhlükəsi barədə xəbərdarlıq ediblər

Bakı, 1 noyabr, AZƏRTAC

Virciniya Birlik Universitetinin tədqiqatçıları məktəblilərdən müsadirə edilmiş veyplərdə nikotin, spirt və hətta bakteriya və nəcis çirklənməsi izləri aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatın müəlliflərinin fikrincə nəticələr genişmiqyaslı bir problemin — yeniyetmələr arasında qanunsuz və təhlükəli cihazların yayılmasının göstəricisidir.

Tədqiqat universitetin Məhkəmə-toksikoloji tədqiqatlar laboratoriyasından professor Mişel Pisin rəhbərliyi altında aparılıb. 2024–2025-ci tədris ili ərzində komanda Virciniya ştatının məktəblərində müsadirə edilmiş 1300 elektron siqareti toplayıb və analiz edib.

“Bu iş uşaqların hansı maddələri qəbul etdiklərini göstərir və onların daha çox nəyə üstünlük verdiklərini anlamağa kömək edir. Veypdən istifadə ictimai sağlamlığa və uşaqlarımızın təhlükəsizliyinə ciddi təhdid yaradır”, - deyə o, qeyd edib.

Alimləri həm mayedə, həm də istifadəçinin nəfəs aldığı aerozolda aşkar etdikləri xüsusilə bakteriyaların, maya göbələklərinin və koliform bakteriyalarının (nəcis çirklənməsi) mövcudluğu narahat edib. Bəzi hallarda mikroorqanizmlərin konsentrasiyası normadan artıq olub. bu da tənəffüs yollarında infeksiya və iltihab riski yaradır.

Həkimlər qeyd edirlər ki, yeniyetmələrin beyin inkişafının aktiv dövründə nikotin və toksik kimyəvi maddələrin təsirinə məruz qalması asılılıq və idrak pozuntuları riskini artırır. Yan təsirlərə öskürək, başgicəllənmə, təngnəfəslik, tənəffüs yollarının xroniki qıcıqlanması və ağciyər zədələnməsi daxildir.

Universitetin tədqiqatları həmçinin göstərir ki, veyp istifadəçilərinin fizioloji yaşı real yaşdan 10 il çox ola bilər. Veypdən istifadə tez-tez siqaretin daha az zərərli alternativi kimi təqdim olunsa da, alimlər vurğulayırlar ki, bu cihazlar heç də az təhlükəli deyil.

“Siqaret çəkmənin nəticələrini öyrənmək onilliklər çəkdi. Veyp istifadəsinin bütün risklərini anlamaq üçün də eyni qədər vaxt lazım olacaq”, — deyə Mişel Pis vurğulayıb.

Seçilən
84
azertag.az

1Mənbələr