AZ

Mahiri göydən yerə çırpan səbəb... – onun karyerasını uçuruma aparan şəxsi tanıyın!

"Futbol+" oxucuları "Kayzerslautern"in şərəfini qoruyan Mahir Emrelinin legioner həyatında hadisələrin hansı axar üzrə irəlilədiyindən xəbərdardı.

Demək olar ki, hər gün həmvətənimizin başına gələnlər haqda məlumat bölüşürük. Ancaq bu gün sözümüzün canı başqadı. Yəqin ki, hücumçunun meneceri Mateuş Ojoqun "sportnet.az" saytına müsahibəsini oxumusuz. Oxumayanlar üçün bildirək ki, Ojoq Mahirin qızıl ürəyindən, karyerasını "Kayzerslautern"də davam etdirmək istəyindən, Almaniyanın tanınan nəşrlərindən "Bild"in dezinformasiyalar yaymasından və millimizin düşərgəsindən qayıdanqdan sonra keçirilən məlum iclasdan danışıb. Danışıb e... Amma...

Belə danışmaq olmaz! Bəli, o, Mahirin meneceridi və bu üzdən futbolçunun mənafeyini qorumağa borcludu. Necə deyərlər, suyu-çörəyi Emrelidən gəlir. Amma bu qədər ağını çıxarmaq olmaz! Fikir verin, futbolçunun məlum paylaşımı bəyənməsinin səbəbini necə izah edir:
"Əlbəttə, futbolda şəxsi münasibətlər və dostluqlar da önəmlidi. Xüsusilə sosial media dövründə idmançıların paylaşımlarının köhnə dostları tərəfindən bəyənilməsi və şərh yazılması tam təbiidi. Mən Mahirlə bu barədə danışdım. O, sadəcə, sabiq komanda yoldaşını yaxşı çıxışına görə təbrik edib, həmin bəyənməni edib, gələcəkdə də hər hansı digər rəqibə münasibətdə eyni hərəkəti edəcək. Bəzi alman jurnalistlərin yenə də hansısa gizli məna axtarması Mahir yox, yalnız onların özləri barədə çox şey deyir".
İndi, bilirsiz, nə baş verib? "Nürnberq"in futbolçusu Robin Knox Mahirin bəyəndiyi paylaşımı silib. Bu öz yerində. Emreli köhnə dostunu məhz həmin qoldan sonra xatırladı? Axı Knoxun digər paylaşımlarında Mahirin "bəyənmə" işarəsi yoxdu...
Ümumiyyətlə, bu qədər qeyri-peşəkar açıqlama kimə lazım idi? Emreli adının yenidən "Nürnberq"lə hallandığı dönəmdə bu komandanın “Kayzerslautern”ə vurduğu qolu, özü də şərəfini qoruduğu "qırmızı iblislər"in qələbəni əldən verdiyi anları bəyənəndə fəsadlarını düşünmürdü? Və Mahir o qədər təcrübəsiz futbolçudu ki, şəxsi münasibətləri məhz belə məsələlərdə, belə vaxtda ön plana çəkməklə tənqid hədəfinə çevrilməyi gözə alır?

Bu təbii davranışdı, eləmi? Bu, sadəcə, "Kayzerslautern"ə hörmətsizlikdi! Bunun başqa izahı yoxdu. Olanlar isə gördüyünüz kimi yetərincə gülünc səslənir. Ayıbdı! Görünən kəndə bələdçi lazım deyil, Ojoq... Öz aramızdı, "üzr" qəbahətdən böyük oldu... Və görünür, nə Mahir ədəbsizliyinə görə üzr istəyəcək qədər böyük futbolçudu, nə də siz o cür menecer! Taylı tayını tapıb!

KƏNAN BAHADIR

P.S. Hələ onu demirik ki, gün ərzində milyonlarla oxucuya xidmət göstərən "Bild"in Mahir sayəsində gələn IP-yə ehtiyacı yoxdu...
Seçilən
87
1
football-plus.az

2Mənbələr