“Barselona” UEFA-dan “Super Liqa işi” çərçivəsində heç bir kompensasiya tələb etməməyi qərara alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Bundan əvvəl Madrid vilayət məhkəməsi Super Liqa ilə bağlı məhkəmə çəkişməsində UEFA-nın apellyasiyasını rədd etmişdi.
Bu qərardan sonra “Real” klubu bəyan etmişdi ki, UEFA-dan 4,5 milyard avroluq zərərin ödənilməsini tələb edəcək. Klubun və “A22 Sports Management” şirkətinin hüquqşünasları artıq bu istiqamətdə iddia ərizəsi üzərində işləyirlər.
Lakin “Barselona” fərqli mövqe tutub. Klub rəhbərliyi bildirib ki, onların məqsədi qarşıdurma deyil, dialoqdur:
“Bizim mövqeyimiz həmişə körpülər salmaq, iki tərəf arasında anlaşma yolları tapmaqdan ibarət olub”.
Kataloniya təmsilçisi Super Liqa layihəsindən rəsmi şəkildə çıxmasa da, UEFA ilə münasibətlərin yaxşılaşması fonunda layihədən tədricən uzaqlaşır.
Super Liqa layihəsinə əvvəlcə Avropanın 12 klubu qoşulsa da, FİFA və UEFA-nın sanksiya təhlükəsindən sonra klublar turnirdən çəkilməyə başlayıb.
Hazırda UEFA və FİFA-ya tabe olmayan Avropa Super Liqası adlanan layihədən yalnız “Real” və “Barselona” geri çəkilməyib.