AZ

Makronun reytinqi tarixi minimumda

Fransa etimad böhranının yeni mərhələsinə qədəm qoyub

Fransa Prezidentinə etimad səviyyəsi tarixdə ən aşağı göstəriciyə enib. “Le Figaro” qəzetinin son sorğusuna görə, Emmanuel Makronun reytinqi cəmi 11 faiz təşkil edir. Bu, onun 7 illik prezidentliyi dövründə qeydə alınan ən aşağı göstəricidir. Cəmi bir ay ərzində 5 faiz bəndi itirmək, Fransa kimi siyasi mədəniyyəti sabit, demokratik ənənələri güclü olan bir ölkədə dövlət başçısı üçün ciddi xəbərdarlıq siqnalıdır. Həmin sorğuya görə, Baş nazir Sebastian Lekornyunun reytinqi isə əksinə, 5 faiz artaraq 26 faizə yüksəlib. Bu ziddiyyətli dinamika Fransada həm siyasi rəhbərliyə, həm də bütövlükdə hakimiyyət institutlarına etimadın ciddi şəkildə sarsıldığını göstərir.

Fransa cəmiyyətində narazılığın kökləri son illərin sosial-iqtisadi qərarlara söykənir. İndiki iqtidarın dövründə ölkə bir neçə dalğa halında etirazlarla sarsılıb: “Sarı jiletlilər” hərəkatı, yanacaq qiymətlərinə etirazlar, son olaraq isə pensiya yaşının artırılmasına qarşı milyonlarla insanın küçələrə çıxması. Bu etirazlar təkcə konkret islahatlara yönəlməyib, eyni zamanda, cəmiyyətin dərin təbəqələrindəki sosial ədalətsizlik hissini üzə çıxarıb. Fransız seçiciləri hesab edirlər ki, Makron hökuməti zənginlərin maraqlarını müdafiə edir, orta və aşağı təbəqələrin problemlərinə isə biganədir. Bu sosial parçalanma Makronun “xalqdan uzaq prezident” imicini daha da gücləndirib.

Hakimiyyətin iqtisadi siyasəti ilkin mərhələdə Avropa Komissiyasının dəstəyi ilə liberal bazar prinsiplərinə əsaslansa da, son vaxtlar sosial müdafiə mexanizmlərinin zəiflədilməsi və vergi siyasətindəki dəyişikliklər cəmiyyətin geniş təbəqələrini narazı saldı. Pandemiya dövründə dövlətin rolu artsa da, sonrakı illərdə həyata keçirilən sərt fiskal tədbirlər və büdcə ixtisarları insanların gündəlik həyatında hiss olunan çətinliklərə səbəb oldu.

Bütün bunların fonunda Fransa siyasəti dərin qütbləşmə mərhələsinə qədəm qoydu. Sol və sağ spektrlər arasında sərhədlər sərtləşdi, radikal sağ qüvvələrin  xüsusilə Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” Partiyasının reytinqi sürətlə yüksəldi. Fransa kimi çoxpartiyalı demokratik sistemdə bu cür qütbləşmə siyasi sabitliyi təhdid edən əsas amildir. Əgər bir vaxtlar indiki hakimiyyət “mərkəz” ideyasının simvolu idisə, indi həmin mərkəz dağılmaq üzrədir. Hüquqi siyasi qüvvə olan “Renessans” partiyası  artıq nə soldan, nə də sağdan gələn təzyiqlərə qarşı effektiv şəkildə müdafiə qura bilmir. Parlamentdə çoxluğun itirilməsi də Prezident Emamanuel Makronun qərar qəbul etmə imkanlarını məhdudlaşdırır.

Siyasi təcrid yalnız daxildə deyil, hakimiyyətin xarici siyasət kursunda da özünü göstərir. Fransanın Afrikadakı siyasəti,  xüsusilə Mali, Niger və Burkina-Faso kimi ölkələrdəki uğursuzluqlar  rəsmi Paris üçün strateji məğlubiyyət hesab olunur. Bu ölkələrdə Fransa qüvvələrinin çıxarılması hakimiyyətin  “Afrikada nüfuz bərpa” planını tamamilə puç etdi. Fransada güclü müsəlman icması və sosial ədalət tərəfdarları indiki iqtidar “insani mövqedən uzaq” siyasət yürütməkdə ittiham edirlər.

Fransa daxilində etimad itkisi təkcə Makronun şəxsiyyəti ilə bağlı deyil, həm də siyasi sistemin böhranına işarədir. Seçicilərin böyük qismi artıq ənənəvi partiyalara etibar etmir, nəticədə populist qüvvələrin meydanı genişlənir. Bu tendensiya təkcə Fransaya məxsus deyil.  Avropanın bir çox ölkələrində, xüsusilə Almaniya və İtaliyada da bənzər populist yüksəlişlər müşahidə olunur. Lakin Fransa üçün bu proses daha təhlükəlidir. Çünki bu ölkə, Avropa İttifaqının ideoloji dayaqlarından biri sayılır. Fransa siyasətində radikal sağın güclənməsi bütövlükdə Avropa inteqrasiyasının gələcəyinə zərbə vura bilər.

Baş nazir Sebastian Lekornyunun reytinqinin artması isə başqa bir siyasi reallığın göstəricisidir. Lekornyu dövlət aparatında balans yaradan, sərt ritorikadan uzaq, daha idarəedici bir sima kimi qəbul edilir. Lakin bu artım Makronun zərərinədir, çünki reytinq fərqi artıq siyasi alternativlik müzakirələrini gündəmə gətirir. Fransız mediasında son günlər “Makronun kölgəsində yüksələn baş nazir” kimi ifadələr geniş yer alır. Bu da gələcək hökumət dəyişikliklərinin mümkünlüyünə işarədir.

Bütün bunlar fonunda Fransa siyasəti yeni mərhələyə qədəm qoyur. Etimad böhranı ümumən dövlət idarəetmə modelinin sarsıldığını göstərir. Cəmiyyət sosial ədalət, bərabərlik və şəffaflıq tələb edir, amma hökumət bu tələblərə institusional cavab verə bilmir. Fransa üçün bu vəziyyət həm iqtisadi, həm də geosiyasi liderlik statusuna zərbədir. Avropa İttifaqı daxilində Almaniyanın siyasi təsiri azaldığı bir dövrdə, Fransada hazırki hakimiyyətin reytinq böhranı Avropa liderliyində yaranmış boşluğu daha da dərinləşdirir.

Fransa cəmiyyətində bu gün “sistemə inam” anlayışı da sarsılıb. Dövlətin sosial təminat mexanizmlərinə etimad, gələcəyə inam, siyasi sabitlik arzusu zəifləyib. Gənc nəsil siyasətdən uzaqlaşır, seçki iştirakçılığı azalır. Bu isə populizmin yüksəlişi üçün münbit zəmin yaradır. Marin Le Penin partiyasının 2027-ci il seçkilərinə əsas rəqib kimi hazırlaşması Fransa demokratiyası üçün həm yeni dövrün, həm də yeni risklərin başlanğıcı ola bilər.

Fransada indi “yenidən başlanğıc” çağırışları səslənir. Cəmiyyət dəyişiklik istəyir, amma bu dəyişiklik hansı istiqamətdə olacaq  radikal sağmı, yoxsa sosial-demokratik yenilənməmi  hələ bəlli deyil. Bir məsələ aydındır: Hazırki iqtidarın getdikcə aşağı düşən reytinqi Fransa siyasətində yeni epoxanın başlanğıcını göstərən rəmzə çevrilib. Bu rəqəm təkcə bir prezidentin uğursuzluğu deyil, həm də Fransa demokratiyasının özünü yenidən düşünməsi zərurətinin simvoludur.

Nigar Orucova, “İki sahil”

Seçilən
60
ikisahil.az

1Mənbələr