AZ

Məhkəmə sabiq Odessa meri Truxanovu ev dustaqlığına göndərdi

Odessa şəhərinin sabiq meri Gennadiy Truxanov şəhərdə güclü leysan zamanı 9 nəfərin həlak olması ilə bağlı vəzifə səhlənkarlığında ittiham olunur.

Kiyevin Peçersk rayon məhkəməsi Truxanov barəsində 24 saatlıq ev dustaqlığı şəklində qətimkan tədbiri seçib. Məhkəmənin qərarına əsasən, o, elektron nəzarət qolbağı taxmalıdır.

İstintaq Truxanovu Cinayət Məcəlləsinin 367-ci maddəsinin 3-cü bəndi (vəzifə səhlənkarlığı) üzrə təqsirləndirir. 30 sentyabrda Odessa şəhərində baş vermiş güclü yağış nəticəsində azı 9 nəfər həlak olub.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, sabiq mer şəhərdə yağış-kanalizasiya və suötürmə sistemlərinin normal fəaliyyətini təmin etməyib, baxmayaraq ki, onların qənaətbəxş vəziyyətdə olmaması barədə məlumatlar mövcud idi.

Hadisə günü əhaliyə xəbərdarlıq sistemləri və mülki müdafiə xidmətləri vaxtında işə salınmayıb. Nəticədə 9 nəfər həyatını itirib.

Məhkəmənin qərarına əsasən, Truxanov 60 gün müddətinə (28 dekabradək) ev dustaqlığında qalacaq və elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılacaq. O, iclasda məsafədən — onlayn bağlantı ilə iştirak edib.

KİEV24 kanalının məlumatına görə, Truxanovun vəkili Ukrayna Prezident Administrasiyasına sabiq merin vətəndaşlığının ləğvi barədə sorğu göndərib. Vəkil bildirib ki, sorğunu 15 oktyabrda — Truxanovun Ukrayna vətəndaşlığından çıxarılması xəbəri yayıldıqdan bir gün sonra göndərib, lakin bu günədək cavab almayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr