AZ

Stressi dərmansız aradan qaldırmağın ən sadə yolu

Kaliforniya Universitetinin (Devis kampusu) alimləri müəyyən ediblər ki, həyat yoldaşı və ya partnyorla birlikdə yaşanan müsbət emosiyalar stress hormonunun səviyyəsini azaldır və orqanizmə uzunmüddətli müsbət təsir göstərir.

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri Journal of Personality and Social Psychology (JPSP) jurnalında dərc olunub.

Araşdırmada Kanada və Almaniyadan olan 321 yaşlı cütlük iştirak edib. Bir həftə ərzində onlar gündə bir neçə dəfə öz emosional vəziyyətlərini - nə dərəcədə xoşbəxt, sakit və ya maraqlı hiss etdiklərini - qeyd edib və eyni zamanda ağız suyu nümunələri veriblər. Bu nümunələr vasitəsilə kortizol (stress hormonu) səviyyəsi ölçülüb. Ümumilikdə təxminən 24 min göstərici toplanıb.

Məlum olub ki, partnyorlar eyni anda müsbət emosiyalar yaşadıqda, kortizol səviyyəsi daha güclü azalır. Əgər sevinci hər biri ayrı-ayrılıqda yaşayırdısa, bu təsir o qədər də güclü olmurdu. Bundan əlavə, bu müsbət effekt bütün gün ərzində davam edir, orqanizmin sakit vəziyyətdə qalmasına və fizioloji stressin azalmasına kömək edirdi.

Alimlərin sözlərinə görə, müsbət emosiyaların birgə yaşanması münasibətlərdən məmnunluq dərəcəsindən asılı olmayaraq faydalıdır. Hətta münasibətləri daha az harmonik olan cütlüklər belə bu sakitləşdirici təsiri hiss ediblər.

Tədqiqatın aparıcı müəllifi Tomiko Yeneda vurğulayıb:

"Birlikdə sevinci yaşamaq - sağlamlığa qayğı göstərməyin ən sadə və ən təbii yollarından biridir".

Seçilən
20
1
far.az

2Mənbələr