Bakı, 31 oktyabr, AZƏRTAC
Biz əldə etdiyimiz tarixi Zəfərin beşinci ilində yaratdığımız yeni reallıqların milli maraqlarımız kontekstində həm iqtisadi, həm də siyasi dividendlərə çevrildiyinin şahidiyik. Eyni zamanda, bu kontekstdə regionda və regional iqtisadiyyatda Azərbaycanın mövqeyinin daha da gücləndiyini müşahidə edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, yeni reallığın gətirdiyi iqtisadi imkanlar təkcə regional və transregional deyil, həm də qlobal xarakter daşıyır. “Hazırda region ölkələri arasında Azərbaycanın təşəbbüsü ilə yaradılan logistika və nəqliyyat kommunikasiyaları üzərində fəallaşma prosesi gedir. Bu, iki əsas amillə bağlıdır. Birincisi, Azərbaycanın vaxtında bu kommunikasiyaları və logistik imkanları yaradaraq postmüharibə mərhələsinə əvvəlcədən hazırlaşması, ikincisi isə regionda baş verən hadisələr kontekstində yeni axtarışların meydana çıxmasıdır”, – deyə millət vəkili vurğulayıb.
Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan daha əvvəldən bu kommunikasiya imkanlarını yaradaraq strateji üstünlüyünü təmin edib. “Əgər biz bu imkanları müharibədən sonra yaratmağa başlasaydıq, onların reallaşması üçün ən azı 10 il tələb olunardı. Halbuki, Azərbaycan bunu əvvəlcədən təmin edib və bu, ölkəmizin iqtisadi-siyasi müstəvidə mövqelərini daha da möhkəmləndirib”, – deyə o, əlavə edib.
Millət vəkili bildirib ki, bu reallıqlar həm də Ermənistan üçün yeni imkanlar yaradır: “Nə qədər ki, Ermənistan konstruktiv davranacaq, Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasını qəbul edəcək, bir o qədər də regional inteqrasiyaya qoşulmaq imkanı qazanacaq. Azərbaycan Prezidenti tərəfindən irəli sürülən yeni təşəbbüslər Ermənistan üçün bu imkanları formalaşdırır və bu, sülhü motivasiya edən addımdır”.
O vurğulayıb ki, regiondakı sülhün siyasi, hərbi və iqtisadi arxitekturası Azərbaycandan keçir. “Sülhün davamlı olması üçün sülhpərvər mövqeləri stimullaşdırmaq vacibdir. Azərbaycanın Qazaxıstan və Ermənistan arasında ticarət mübadiləsinə, eləcə də Rusiya–Ermənistan ticarətinin Azərbaycan ərazisindən həyata keçirilməsinə şərait yaratması da regional sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir”, – deyə Hikmət Babaoğlu diqqətə çatdırıb.
Millət vəkilinin fikrincə, bu prosesin siyasi tərəfi ilə yanaşı, iqtisadi baxımdan da Azərbaycan tranzit ölkə kimi öz mövqelərini möhkəmləndirir, dividendlər əldə edir və regional inteqrasiyanın mərkəzində dayanır.
“Rusiya–İran münasibətlərinin dərinləşməsi və real iqtisadi məzmun qazanması üçün Azərbaycana və onun yaratdığı kommunikasiya imkanlarına böyük ehtiyac var. Uzun illər müzakirə olunan Şimal–Cənub nəqliyyat dəhlizi hazırda Şərqi Avropada baş verən hadisələr fonunda daha da aktuallaşıb. 2026-cı ilin birinci yarısına qədər Rəşt–Astara dəmir yolunun çəkilməsi və İran–Azərbaycan dəmir yollarının inteqrasiyası bu istiqamətdə mühüm mərhələ olacaq”, – deyə Hikmət Babaoğlu əlavə edib.
Onun sözlərinə görə, layihənin reallaşması regionda yeni iqtisadi balans yaradacaq. Azərbaycanın regionda iqtisadi və siyasi prosesləri idarə etmək imkanlarını daha da artıracaq.
Sonda Hikmət Babaoğlu qeyd edib: “Azərbaycanın mövqeyi sülh və inteqrasiya mövqeyidir. Bu kontekstdə Azərbaycan həm öz milli maraqlarına nail olur, həm də regionda davamlı sabitlik və əməkdaşlıq üçün əsas platformanı formalaşdırır”.