AZ

“Qarabağ”la danışıqlar baş tutmadı” -Kapitanla MÜSAHİBƏ

I Liqanın mərkəzi qarşılaşması sayılan “Şəfa” – “Səbail” görüşündə komandalar meydanı hərəyə 1 xalla tərk etdi – 1:1.

Turnir cədvəlində əsas rəqibindən 2 xal geri qalan qonaq futbolçuların məyusluğu anlaşılan olsa da, “Şəfa”nın üzvlərinin üzgünlüyü sual doğurmaya bilməzdi.

Meydan sahiblərinin kapitanı Tərlan Quliyevlə söhbətdə bu və digər suallara cavab tapmağa çalışdıq.

- 1 xal qazanmağınıza baxmayaraq, futbolçularda məyusluq var. Bu, nə ilə bağlıdır?

- Yəqin ki, yorğunluqla və qələbə qazana bilməməklə bağlıdır. Çünki matça 3 xal əzmi ilə çıxmışdıq. Oyunun günorta saat 2-də keçirilməsi və meydanın “ağır” olması da yorğunluğa səbəb oldu. Qol epizodlarının sayına baxsaq, 2 xalı itirən biz olduq. Əlverişli imkanlarımız var idi.

- İkinci hissədəki oyuna baxsaq, komandalar 1 xala razıymış kimi görünürdü. Ehtiyatsızlıq edib uduzmaq qorxusu var idi?

- Hesabı açdıq, ardınca 2 qol buraxdıq və ilk hissənin sonlarına yaxın bərabərlik topunu vurduq. Əlbəttə, belə vəziyyətdə istər-istəməz ehtiyatlanmalı olursan. “Səbail” əsas rəqiblərimizdəndir, heyətində Premyer Liqa təcrübəsi olan futbolçular var. Yəni hər an nəsə edə bilərdilər. Qol vurmaq istəyirdik, lakin böyük qüvvə ilə irəli atılmaq üçün risk etmirdik. Ümid edirəm ki, 1 xal gələcəkdə bizə çox lazım olacaq.

- Çempionluq mübarizəsini şəxsi görüşlər həll edəcək?

- Belə deməzdim. Çempionatdakı digər rəqiblər də güclüdür. Həm bizdən, həm də “Səbail”dən xallar ala biləcək potensialları var. MOİK-i 4:1 udduğumuz oyunu nümunə göstərə bilərəm. Hesaba baxanlar matçın rahat keçdiyini düşünə bilər. Lakin 3 xalı əldə etmək üçün çox əziyyət çəkmişdik. “Mingəçevir”, “Baku Sportinq”, “Zaqatala” – hər biri təhlükəli rəqibdir. Məncə, çempionluğun taleyini şəxsi oyunlar yox, mövsümboyu ən az xal itirən komanda həll edəcək.

- Bu “Şəfa” ötən il II Liqada çempionluğu son anda əldən verən “Şəfa”dan fərqlənir?

- Əlbəttə. Heyət olaraq arada böyük fərq var. Ötən mövsüm komanda yeni yığılmışdı, uyğunlaşma problemi var idi. Həm də çempionatda əsas rəqibimiz “Şahdağ Qusar” idi. Ancaq indiki heyətin çoxu Premyer Liqada oynamış uşaqlardır. I Liqanın səviyyəsi də üstündür.

- I Liqa ilə bağlı ən böyük problem stadionlarla bağlıdır. Əksər matçlar süni örtükdə keçirilir, təbii qazonlar isə keyfiyyətli deyil. Belədə, oyun keyfiyyəti də aşağı düşür ki, bu gün şahidi olduq.

- Açığı, “Səbail”lə oyun “Qarabağ”ın stadionunda keçirilə bilərdi. Binədəki vəziyyəti özünüz görürsünüz. Lakin “Qarabağ” bazar günü orada oynayacağından, danışıqlar baş tutmadı. Çempionatın əsas qarşılaşmaları yararlı meydanlarda keçirilsə, sizi inandırım, oyun keyfiyyəti yüksək olar. Günorta saat 2-də, bu cür “ağır” meydanda oynamaq matça mənfi təsirini göstərir. Topla rəftarı sevən futbolçulara və komandalara bu cür örtüklər pis təsir edir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
36
sportinfo.az

1Mənbələr