
Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, ölkəsi enerji təchizatı sahəsində boru kəmərləri ilə birbaşa əlaqəli olduğundan, Rusiyadan neft alışı ilə bağlı ABŞ-ın tətbiq edə biləcəyi ikinci dərəcəli sanksiyalardan azad edilməlidir.
AFN.az xəbər verir ki, bu barədə DW məlumat yayıb. Nəşrin məlumatına görə, Orban bu məsələni noyabrın 7-də keçirməyi planlaşdırdığı Donald Trampla görüşdə qaldıracağını bildirib.
Politico xəbər verib ki, Orban bütün vasitələrlə Rusiyadan neft idxalını saxlamağa çalışır və alternativ tədarük mənbəyi kimi Xorvatiyanı rədd edir. Budapeşt Zaqrebi yüksək qiymətlər tətbiq etməkdə ittiham edir və bildirir ki, Xorvatiya üzərindən tranzit Macarıstanın ehtiyaclarını tam qarşılamayacaq.
Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar isə bu ittihamları təkzib edərək, onların köhnə və tamamilə əsassız olduğunu qeyd edib.