ABŞ və Çin gələn həftə Koreya Respublikasında iki ölkə lideri arasında danışıqlar zamanı əldə edilən razılaşmaya əsaslanan ticarət müqaviləsi imzalayacaq.
Musavat.com xəbər verir ki, bu açıqlamanı ABŞ maliyyə naziri Skott Bessent Britaniyanın Financial Times qəzetinə verib.
Qeyd edək ki, oktyabrın 30-da Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp Koreyanın Busan şəhərində görüşüblər. Çin Ticarət Nazirliyinin məlumatına görə, liderlərin danışıqlarından sonra ABŞ Çin mallarına tətbiq edilən 10 faiz fentanil tarifini ləğv edəcək və əlavə 24 faiz tarifin dayandırılması müddətini uzadacaq, Çin tərəfi də "yuxarıda qeyd olunan ABŞ tariflərinə qarşı əks tədbirləri müvafiq olaraq tənzimləyəcək".
Bundan əlavə, Vaşinqton və Pekin bir-birinin gəmiqayırma sənayesinə qarşı tədbirlərin həyata keçirilməsini bir il müddətinə dayandırmaq barədə razılığa gəliblər. ABŞ həmçinin 29 sentyabrda elan edilən və sanksiyalar siyahısına daxil olan Çin şirkətlərinin istənilən törəmə müəssisələrinə tətbiq olunan ixrac məhdudiyyətlərini bir il müddətinə dayandıracaq. Çin də əvəzində 9 oktyabrda elan edilən ixrac nəzarəti tədbirlərini bir il müddətinə dayandıracaq.
Musavat.com