...İraq hakimiyyəti memarlıq abidələrinin sürətlə məhv olması ilə bağlı həyəcan təbili çalır.
SİA xəbər verir ki, Əş-Şərq əl-Əvsət qəzetinin məlumatına görə, min illərdir mövcud olan binalar iqlim dəyişikliyi səbəbindən uçmaq təhlükəsi ilə üzləşir.Quru və isti hava torpaqdan suyun sürətlə buxarlanmasına və duzluluğun artmasına səbəb olur.
Duz Ur və Babil kimi qədim şəhərlərin xarabalıqlarını aşındırır.
Qlobal istiləşmə həmçinin səhralaşmaya və əvvəllər mövcud olmayan qum təpələrinin yaranmasına səbəb olur.
...Külək və qum təpələrinin birləşməsi strukturun şimal hissəsində eroziyaya səbəb olur, - deyə Ziqar Vilayət Qədim Əşyalar İdarəsinin arxeoloqu Abdullah Nəsrullah Urdakı 4000 illik piramidanın vəziyyətini təsvir edərkən bildirib.
...Üçüncü təbəqə artıq iqlim dəyişikliyinin yaratdığı eroziyadan zədələnib. İndi eroziya ikinci təbəqəyə də təsir edib, - deyə o, təəssüflə bildirib.
Piramidadan bir qədər aralıda duz Ur Kral Qəbiristanlığındakı məzar daşlarını aşındırır.
Bu, 1920-ci illərdə Britaniyalı arxeoloq Ser Leonard Vulli tərəfindən kəşf edilib.
...Duz yataqları qlobal istiləşmədən qaynaqlanıb və qəbiristanlığın mühüm hissələrinin dağılmasına səbəb olub. Duz, əsasən, bütün binaların tikildiyi gil kərpicləri məhv edir, - deyə Ziqar Vilayət Qədim Əşyalar İdarəsinin rəsmisi Kazem Hüseyn bildirib.
Ur şəhərində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Mesopotamiya sivilizasiyasının abidələri var.
Babildə bütün qədim binalar da gildən tikilib və duz tərəfindən dağıdılır.
Arxeoloqlar həmçinin duzun hələ qazılmamış artefaktlara zərər verə biləcəyindən qorxurlar.
...Yüksək duz səviyyəsi həm yerin üstündə, həm də altında təhlükə yaradır. Bu, hələ arxeoloqlar tərəfindən qazılmamış və öyrənilməmiş şəhərlərin dağılmasına səbəb olur, - İraq Mədəniyyət və Turizm Nazirliyinin rəhbəri Montasir əl-Həsnəvi qeyd edib.
Nazlı Almuradova