“Türkiyə mediasında, xüsusilə Fələstin məsələsi ilə bağlı anti-Azərbaycan kampaniyalarının başlanmasına təəccüblənmək lazım deyil. Çünki Türkiyə mediasının strukturuna diqqət yetirdikdə aydın olur ki, bu sahə faktiki olaraq müxtəlif qrupların – hökumətin, müxalifətin və ya xarici dairələrin təsiri altındadır. Yəni fərqli media quruluşlarının maliyyə mənbələri, onları yaradan və fəaliyyətinə nəzarət edən qüvvələr müxtəlif güc mərkəzlərinə bağlıdır. Bu baxımdan nəzəri və praktik olaraq aydın görünür ki, Türkiyə mediası bütövlükdə Azərbaycana qarşı siyasət yürütmür. Sadəcə müəyyən media orqanları bu cür mövqe tutur. Bu qurumlar əsasən Azərbaycan-Türkiyə münasibətlərini zədələməyə, Azərbaycanın xarici siyasətinə lazımsız şəkildə müdaxilə etməyə çalışan dairələrdir. Onlar, xüsusilə Qəzza, İsrail-Fələstin və ya İsrail-Həmas qarşıdurması fonunda, Azərbaycanı birmənalı mövqe tutmağa məcbur etməyə çalışırlar”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Türkiyə mediasında Azərbaycana qarşı növbəti təbliğat dalğası müşahidə olunur. Bəzi qüvvələr Qəzzada baş verən toqquşmalar fonunda məsuliyyəti Azərbaycanın üzərinə yönəltməyə və ölkəmizi İsrail-Fələstin qarşıdurmasında tərəf kimi təqdim etməyə cəhd göstərirlər. Halbuki Azərbaycan daim beynəlxalq hüquqa və humanitar dəyərlərə əsaslanan balanslı mövqe nümayiş etdirib. Analitiklərin fikrincə, bu cür iddialar Türkiyə–Azərbaycan münasibətlərini sarsıtmağa yönəlmiş manipulyativ addımlardır. Rəsmi Bakı isə həm İslam həmrəyliyinə, həm də iki dövlətli həll prinsipinə sadiqliyini davam etdirir.
Siyasi şərhçi qeyd edib ki, bəzi qüvvələr yayımladıqları manipulyativ xəbərlərlə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa, hökumətin qərarlarına təsir göstərməyə və nəticədə ölkəni Qəzza məsələsində birmənalı mövqe tutmağa məcbur etməyə çalışırlar.