“Alyaskada Putin və Trampın görüşündə sülh sazişi müzakirə olunmuşdu və əksər məsələlərdə razılıq əldə olunmuşdu. Bir neçə məsələdə razılığa gələ bilməmişdilər və bu məsələlərin nədən ibarət olduğu deyilmədi. Ancaq Putinin Donbası tamamilə tələb etdiyi, əvəzində əvvəlki tələblərindən bir az geri çəkildiyi mətbuatda elan olundu. Yəni, əvvəllər Putin Xerson və Zaporojye vilayətlərini inzibati sərhədləri daxilində tələb edirdisə, indi təmas xəttində dayanmağa razılıq vermişdi. Hər iki vilayətin təqribən 25%-i hələ Rusiya tərəfindən işğal olunmayıb və Rusiya həmin o hissədə dayanmağa razılıq vermişdi və hətta Ukraynanın Donbasda edəcəyi güzəşt qarşılığında işğal etdiyi ərazilərin müəyyən hissəsindən imtina edəcəyini də söyləmişdi. Budapeşt görüşü ərəfəsində xarici işlər nazirləri nədə razılığa gələ bilmədilər və hansı məsələ görüşün ləğv olunmasına gətirib çıxardı? Bu barədə heç nə deyilmir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Qeyd edək ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə planlaşdırılan görüşü Moskvanın Ukrayna ilə bağlı sərt tələblərinə görə ləğv edib. “Financial Times” yazır ki, qərar iki ölkənin yüksək səviyyəli diplomatları arasında gərgin telefon danışığından sonra qəbul olunub. Tramp görüşün “lazımi məqsədlərə çata bilməyəcəkləri təəssüratı yarandığı üçün” ləğv edildiyini bildirib.
Siyasi şərhçi qeyd edib ki, Tramp açıq şəkildə nəticəsiz görüşdə iştirak etmək istəmədiyini bildirib.