Gələn həftə Qəzza zolağında atəşkəs məsələsini müzakirə etmək üçün səkkiz regional ölkənin xarici işlər nazirlərinin görüşü İstanbulda keçiriləcək. Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu 31 oktyabrda Ankarada estoniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında açıqlayıb: “Qəzza ilə bağlı növbəti addımlarımızı müəyyən etmək üçün əvvəllər Nyu-Yorkda Donald Trampla görüşmüş regionun xarici işlər nazirləri bazar ertəsi günü İstanbulda toplaşacaq”, – Hakan Fidan bildirib.
O, bunun vacib bir görüş olacağını vurğulayıb: “Bu, vacib bir görüşdür. Bilirsiniz, səkkiz ölkənin lideri Qəzza üçün sülh planı müəyyən edib. İndi biz bunu müzakirə edəcəyik”, – Türkiyəli diplomat bildirib.
Xatırladaq ki, İsrail ilə radikal HƏMAS hərəkatı arasında atəşkəs müqaviləsi 10 oktyabrda qüvvəyə minib. Qəzza zolağı üçün son sülh müqaviləsi 13 oktyabrda Misirin Şarm əl-Şeyx şəhərində imzalanıb.
//Samir Qurbanov, Editor.az