AZ

Fransa-Əlcəzair münasibətlərində yeni mərhələnin siqnalları

Paris, 31 oktyabr, AZƏRTAC

Fransanın Baş naziri Sebastyan Lökornünün 1968-ci il Fransa-Əlcəzair sazişinin yenidən danışıqlara çıxarılması barədə bəyanatı təkcə diplomatik mövqe deyil, həm də ölkənin daxili və beynəlxalq siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Tarixi sənəd və müasir reallıqlar

1968-ci ildə imzalanmış Fransa-Əlcəzair sazişi müstəqilliyini yenicə bərpa etmiş Əlcəzairin vətəndaşlarına Fransa ərazisində yaşamaq, işləmək və ailə birləşməsi sahəsində imtiyazlı şərait təmin edirdi. Bu, o dövrdə kolonial keçmişin sosial nəticələrini yumşaltmaq məqsədi daşıyırdı.

Lakin son onilliklərdə, xüsusilə də miqrasiya, təhlükəsizlik və sosial inteqrasiya məsələləri Fransa cəmiyyətində daha gərgin müzakirə olunan mövzulara çevrildikcə, bu saziş böyük siyasi polemikanın mərkəzinə düşüb.

Parlament səsverməsi: rəmzi, amma siqnal xarakterli

Milli Assambleyada Milli Birlik Partiyası (Rassemblement National-RN) tərəfindən təqdim olunan qətnamənin bir səs fərqi ilə qəbul edilməsi hüquqi baxımdan məcburi olmasa da, ictimai rəyin istiqamətini göstərir. Bu, xüsusilə də miqrasiya siyasətində sərt kurs tərəfdarlarının artan təsirindən xəbər verir.

Sebastyən Lökornü bu qərarın ardınca verdiyi bəyanatla həm parlamentin təşəbbüsünü tanıdı, həm də dövlətin diplomatik ardıcıllığını qorumağa çalışdı.

“Fransa Prezidenti beynəlxalq müqavilələrin təminatçısıdır... Xarici siyasət parlament qətnamələrinə uyğun aparılmır”, - deyə S. Lökornü diqqətə çatdırıb.

Bu açıqlama həm parlamentlə icra hakimiyyəti arasında səlahiyyət balansını, həm də Makron hökumətinin mülayim, amma yönləndirici siyasət yürütmək niyyətini əks etdirir.

Daxili siyasət və miqrasiya konteksti

Fransada miqrasiya məsələsi uzun müddətdir ki, siyasi bölünmələrin əsas xətti olub. Sağ mərkəz və ifrat sağ partiyalar bu sazişi “köhnəlmiş və birtərəfli” adlandıraraq, onun yenilənməsinin və ya ləğvinin vacibliyini vurğulayır. Sol partiyalar və insan haqları təşkilatları isə bu sənədin tarixi məsuliyyət və humanitar öhdəliklərə söykəndiyini qeyd edirlər.

Diplomatik nəticələr

Əgər Fransa həqiqətən bu sazişi yenidən danışıqlara çıxararsa, bu, Paris ilə Əlcəzair arasında həssas münasibətlərdə yeni gərginliklər yarada bilər. Əlcəzair üçün bu müqavilə tarixi ədalətin rəmzi, Fransa üçün isə müasir təhlükəsizlik və idarəetmə məsələlərinin qarşısında çətin miras sayılır.

Belə bir proses, eyni zamanda, Avropada miqrasiya siyasətinin birləşmiş Avropa yanaşması ilə milli suverenlik arasındakı ziddiyyəti də gündəmə gətirə bilər.

Sebastyən Lökornünün bəyanatı, Fransanın postkolonial siyasətində yeni mərhələnin başlanğıc siqnalı kimi qəbul olunur. O, bir tərəfdən Fransa cəmiyyətində artan narazılığı yumşaltmağa, digər tərəfdən isə diplomatik sabitliyi qorumağa çalışır.

Bu balansı saxlamaq isə Makron hökumətinin qarşısında duran ən incə və strateji sınaqlardan biri olacaq.

Seçilən
40
azertag.az

1Mənbələr