AZ

Doğu Perincek “başından yekə danışdı” - Türkiyənin “5-ci kolon qəhrəmanının” Əliyevə mənasız məktubu...


Elşad Həsənov: “Bu konfransın ləğv edilməsinin Perincekin məktubu ilə heç bir əlaqəsi yoxdur, onun bu barədə iddiası tamamilə əsassızdır”

Azərbaycan indiyə qədər saysız elmi, humanitar, ictimai-siyasi, iqtisadi və sair istiqamətlərdə beynəlxalq konfranslara uğurla ev sahibliyi edib. Bu səbəbdəndir ki, dünyanın müxtəlif təşkilatları öz mühüm tədbirlərini Bakıda keçirməyə maraq göstərir.

4-6 noyabr tarixlərində Bakıda “Avropa Ravvin Konfransı” keçirilməli idi, lakin konfransın keçirilməsinə bir neçə gün qalmış ləğv edildiyi barədə məlumat yayıldı. Bunun ardınca mətbuatda konfransın ləğv oluma səbəbi ilə bağlı müxtəlif versiyalar, iddialar yayılmağa başladı. O cümlədən, Türkiyə mətbuatında belə bir iddia yayıldı ki, Avropa Ravvin Konfransının keçirilməsinin təxirə düşməsinin səbəbi guya Vətən Partiyasının sədri Doğu Perincekin Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubla bağlıdır. Yəni Perincek məktubunda Əliyevdən Ravvinlər Konfransını ləğv etməsini xahiş etdiyi üçün guya konfrans ləğv olunub.

Bakıda keçirilməsi planlaşdırılan tədbirin Perincekin məktubuna görə ləğv edildiyini iddia etmək absurddur. Perincek kimdir ki, onun bir məktubuna görə belə bir qərar qəbul edilsin? Perincekheç Türkiyədə parlament seçkisində mandat qazana bilmir, Rusiyanın diqtəsi ilə hərəkət edir. O adam Türkiyədə Rusiyanın siyasi dairələrinin lobbiçisi kimi tanınır, Türkiyənin əleyhinə fəaliyyətlərinə görə hətta “Nobel” mükafatı da alıb. Onu Türkiyədə beşinci kalonun nümayəndəsi sayırlar.

O, bununla elə rəy yaratmaq istəyir ki, guya Azərbaycan iqtidarının siyasətinə təsir göstərmək gücündədir. Əslində isə qətiyyən belə deyil.

Türkiyə mətbuatı yazır ki, İsrailin aparıcı media orqanı olan "The Jerusalem Post" qəzetində yer alan məlumata görə, Azərbaycan hakimiyyəti təhlükəsizlik səbəblərinə görə Ravvin Konfransının keçirilməsinə icazə verməyib.

Konfransın daha sonra başqa bir yerdə keçiriləcəyi bildirilir.

Konfrans bəyanatında deyilir: "Avropa Ravvin Konfransının gələn həftə Bakıda keçirilməsi planlaşdırılan tədbirin nəzarətimizdən kənar səbəblərə görə təxirə salındığını təəssüflə bildiririk. Biz Azərbaycan hökumətinə davamlı dəstəyinə görə təşəkkür edirik və yaranan hər hansı narahatlığa görə üzr istəyirik”.

Konfransın bəyanatından hər şey açıq görsənir və bunun Vətən partiyasının sədrinin məktubu ilə yaxından-uzaqdan əlaqəsi olmadığını bir daha ortaya qoyur. Özləri birmənalı şəkildə deyirlər ki, konfrans təhlükəsizlik səbəbindən keçirilməyib.

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Avropa Ravvin Konsfransının təxirə salınması Vətən Partiyası sədrinin məktubu ilə əlaqədar deyil: “Bundan əvvəl qardaş Türkiyənin bəzi kütləvi informasiya vasitələrində Azərbaycana qarşı xoşagəlməz kampaniya aparıldı və orda da belə bir fikir səsləndirildi ki, Azərbaycan Fələstin xalqının göz yaşlarına məhəl qoymur, Azərbaycan İsraili neftlə təmin edir və sair. Yəni belə xoşagəlməz ibarələrlə Azərbaycan siyasətini “jurnalistlər” tənqid etdilər. Təbii ki, bunu yazanları dərindən yoxlasaq onların türk olmadıqlarını, erməni qanı daşıdıqlarını öyrənərik. Yaxud da onlar Fransa kimi dövlətlərə xidmət edirlər, Türkiyə-Azərbaycan qardaşlığını, dostluğunu həzm edə bilməyənlərdir. Əvvəlcə onu deyək ki, Azərbaycan tolerant ölkədir. Bir çox dini konfessiyaların nümayəndələri Azərbaycanda dinclik, sülh şəraitində faəliyyət göstərir, bir-birinə hörmət edirlər. Azərbaycanda yəhidi icmasına böyük hörmət var. Onlar Azərbaycanda Azərbaycanı çox sevərək yaşayırlar. Birinci Qarabağ müharibəsində yəhudi əsilli Albert Aqarunov şəhid oldu və ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Yəni biz hamının, hər kəsin qiymətini bilirik. Azərbaycanda yaşayan yəhudilər də cani-dildən Azərbaycanı sevən insanlardır. Onlar bizim vətəndaşlarımızdır. Biz onlara hörmətlə yanaşırıq, onlar da hər yerdə Azərbaycanı yüksək səviyyədə təmsil edirlər”.

E.Həsənov qeyd etdi ki, Azərbaycan yəhudiləri dünyanın harasında olmalarından asılı olmayaraq Azərbaycanla əlaqə saxlayırlar, dəstək olurlar. “Bu mənada biz də həmişə yəhudilərə diqqətlə yanaşmışıq. Yəhudilərin Bakıda belə bir konfrans keçirmək istəyinə etiraz etməmişik. Bu, Azərbaycan hakimiyyətinin, dövlətinin razılığı ilə olan bir məsələdir. Ona görə də, burda Azərbaycan-Türkiyə dostluğuna qarşı çıxanlar, antiazərbaycan, antitürkiyə mövqeyində olan “jurnalistlər” böyük bir qara piar kampaniyası başladılar, bu da təəssüf doğurur. Düzdür, Türkiyə demokratik ölkədir, orda hər cür insan var, onlar hər cür yazılar yazırlar. Amma yazanda obyektiv yazmalıdırlar, məsələlərə qərəzsiz yanaşmalıdırlar. 2021-ci ildə İstanbulda islam ölkələri ravvinlər ittifaqının konfransı keçirildi. Həmin toplantıya 14 ölkədən ravvinlər gəlmişdi və orda Türkiyənin rəsmi nümayəndələri də iştirak etdilər. Tədbirdən sonra nümayəndə heyəti Ankaraya gedib Rəcəb Tayyib Ərdoğanla görüşdülər. Ərdoğan onları yüksək səviyyədə qarşıladı, onların belə bir tədbir keçirdiklərini məmnunluqla vurğuladı. Həmin dövrdə də Fələstində müharibə vardı, həmişə onların arasında döyüşlər olurdu. O vaxt həmin “jurnalistlərin” heç biri ağzını açıb demədi ki, niyə Türkiyədəbelə bir tədbir keçirilir? İndi nə olub? Azərbaycan dövləti bu tədbirin Bakıda keçirilməsinə icazə vermişdisə bunun kimə nə aidiyyəti vardı? Türkiyənin Vətən Partiyasının rəhbərinin Azərbaycan Prezidentinə bu mövzuda məktub yazması etik normalar cəhətdən düzgün deyil. O niyə məktub yazmalıdır ki? Doğu Perincekin məktubu Azərbaycan Prezidenti üçün təsirsiz bir məsələdir. Yəni Azərbaycan Prezidenti ölkəni hansısa partiyanın sədrinin məktubları ilə idarə etmir. Bu konfransın ləğv edilməsinin Perincekin məktubu ilə heç bir əlaqəsi yoxdur, onun bu barədə iddiası tamamilə əsassızdır. Azərbaycanla İsrail arasında danışıqlar olub və təhlükəsizlik baxımından bu tədbirin Bakıda keçirilməsi məqsədəuyğun hesab edilməyib. Yəni Vətən Partiyasının sədrinin iddiası tamamilə əsassızdır, həqiqəti əks etdirmir”.

E.Həsənov hesab edir ki, belə əsassız iddiaları irəli sürən qüvvələr Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq istəyir. Bunun həmin qüvvələrin apardığı zərərli işin göstəricisi olduğunu deyən E.Həsənovun sözlərinə görə, onlar Türkiyə və Azərbaycanın qardaşlığını qısqanaraq ortaya bu cür çirkin iddialar atır, qara piar kampaniyaları aparırlar. E.Həsənov qeyd etdi ki, bu kampaniyaların hədəfi boşa çıxdı və heç nəyə nail ola bilmədilər. “Azərbaycan Türkiyə ilə qardaşdır. Ancaq Azərbaycan müstəqil dövlətdir, özünün dövlət və milli maraqları var. Biz də bu maraqlar çərçivəsindən çıxış edirik”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
31
baki-xeber.com

1Mənbələr