AZ

Avtobuslardakı USB portlarla telefonu şarja qoymaq cərimə səbəbidir? – “BakuBus”dan AÇIQLAMA- FOTO

Son zamanlar paytaxtın bir çox marşrut avtobuslarında sərnişinlər oturacaqların yaxınlığında quraşdırılmış elektrik yuvalarına, yaxud USB portlarına rast gəlirlər.
Avtosfer.az bər verir ki, bəzi vətəndaşlar bu cür yuva və portlardan telefonuna enerji doldurmaq üçün istifadə edir, digərləri isə bunun təhlükəli və ya qadağan olunub-olunmadığını bilmədən ehtiyatla yanaşır. Maraqlıdır, bu vasitələr sərnişin rahatlığı üçünmü quraşdırılıb, yoxsa onların istifadəsi ümumiyyətlə nəzərdə tutulmayıb?


Məsələ ilə bağlı “BakuBus” MMC-nın mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslar sərnişinlərin rahatlığı və gündəlik ehtiyaclarının qarşılanması üçün müasir avadanlıqlarla təchiz olunub:
“Avtobuslarda quraşdırılmış USB və Type-C portları sərnişinlərin şəxsi elektron cihazlarını (mobil telefon, planşet və s.) səyahət zamanı şarj etmələri üçün nəzərdə tutulub. Bu portlardan istifadə tam təhlükəsizdir və avtobusun elektrik sisteminə hər hansı risk yaratmır. Bununla yanaşı, sərnişinlərdən xahiş olunur ki, portlardan yalnız şarj məqsədilə istifadə etsinlər və yüksək gücə malik cihazların qoşulmasından çəkinərək, ümumi təhlükəsizlik qaydalarına riayət etsinlər.
Qeyd edək ki, bu avadanlıqlar sərnişinlərin rahatlığını artırmaq və ictimai nəqliyyatda daha müasir və funksional xidmət təqdim etmək məqsədilə quraşdırılıb”. 
Xatırladaq ki, metro qatarlarının divarlarında olan USB port və elektrik yuvalarından istifadə etmək isə inzibati məsuliyyət yaradır. Bu cür səhvə yol verən şəxslər 70 manat məbləğində cərimələnə bilər.


Fidan

Seçilən
20
2
avtosfer.az

3Mənbələr