AZ

Naxçıvanlıları "evin içində" duzdan uzaq salan kim və nədir?..


"Duz daşı"nın altından da Ramiz Mehdiyev çıxdı...

Son aylarda Naxçıvanda qaya duzunun qıtlığı gündəmin əsas mövzularından birinə çevrilib. “Duz dağı” ilə tanınan bu qədim diyarın sakinləri indi yerli duz tapmaqda çətinlik çəkirlər. Əvvəllər kilosu 60–80 qəpiyə satılan Naxçıvan duzu indi bazarlarda görünmür, “əl altından” isə iki manata təklif olunur. Halbuki, bu məhsul uzun illər Naxçıvanın brendi, yerli iqtisadiyyatın dayanıqlı mənbələrindən biri hesab edilirdi.

Mövcud vəziyyətin başlanğıcı 2025-ci ilin mayında “Naxçıvan Duz İstehsalı” MMC-nin özəlləşdirilməsindən sonra yaranıb. Müəssisənin özəlləşdirilməsi “Şərq-Qərb” ASC-yə məxsus tender vasitəsilə həyata keçirilib. Bu şirkətin 96 faiz payının Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus olduğu bildirilir. Özəlləşdirmə gözlənildiyi kimi istehsalı gücləndirmədi; əksinə, müəssisədə idarəetmə böhranı, daxili çəkişmələr və istehsalın dayanması ilə nəticələndi.

Yeni rəhbərlik istehsalı dayandırmağı texniki modernizasiya və avadanlıqların yenilənməsi ilə əsaslandırır. Lakin yerli sakinlər və iqtisadi müşahidəçilər bu versiyaya inanmır. Onların fikrincə, problem daha çox iqtisadi nəzarət uğrunda gedən mübarizə ilə bağlıdır. Duz mədənləri gəlirli sahə olduğundan, bir neçə yerli biznes qrupu və siyasi dairə arasında nəzarət savaşı başladığı ehtimal edilir. Bu qeyri-müəyyənlik istehsalın iflic vəziyyətinə düşməsinə səbəb olub.

Hazırda Naxçıvanda yalnız bir neçə kiçik müəssisə məhdud miqdarda duz istehsal edə bilir və bu məhsulun əsas hissəsi Bakıya göndərilir. Nəticədə yerli bazarda qıtlıq yaranıb, idxal olunan duzlar - Türkiyə, Gürcüstan və Masazır istehsalı - Naxçıvan dükanlarını doldurub. Bu məhsulların həm dad, həm də keyfiyyət baxımından fərqli olması sakinlərin narazılığını artırır. Onlar bildirirlər ki, Naxçıvan duzunun tərkibi və dadı tamam fərqli idi, dəniz duzuna öyrəşmək isə çətindir.

Yerli hakimiyyətdə dəyişiklikdən sonra iqtisadi sahədə müşahidə olunan xaotik vəziyyət də duz böhranının dərinləşməsinə təsir göstərib. Müxtəlif dövlət müəssisələrində struktur dəyişiklikləri aparılır, kadr tərkibi yenilənir, lakin bu proseslər şəffaf deyil. Duz istehsalının dayanması da həmin keçid dövründə yaranan idarəetmə boşluğunun bariz nümunəsidir.

Rəsmi izahatlara görə, duz istehsalı texniki səbəblərdən müvəqqəti dayandırılıb, lakin ictimaiyyətin bu açıqlamalara inamı azdır. Sual yaranır: əgər avadanlıqlar doğrudan da köhnə idisə, niyə bu məsələ tenderdən əvvəl deyil, məhz özəlləşdirmədən sonra gündəmə gəldi?

Naxçıvanın duzu təkcə iqtisadi məhsul deyil, həm də bölgənin simvoludur. Duzdağ kurortu bu təbii sərvət əsasında fəaliyyət göstərir və dünyanın müxtəlif yerlərindən müalicə üçün gələn turistləri qəbul edir. Lakin paradoksal vəziyyət yaranıb – duz dağının ətəyində yaşayan insanlar duzsuz qalıb. Bu, həm iqtisadi, həm də imic baxımından ciddi itkidir.

Belə görünür ki, Naxçıvanda duz böhranı təkcə istehsalın dayanması ilə bağlı texniki məsələ deyil. Məsələnin kökü daha dərindir – özəlləşdirmə prosesində şəffaflığın olmaması, iqtisadi maraqların toqquşması və idarəetmə sistemindəki qeyri-sabitlik Naxçıvanın “ağ qızıl”ını əlçatmaz edib.

Dəniz NƏSİRLİ

Seçilən
21
baki-xeber.com

1Mənbələr