AZ

AQTA beynəlxalq tərəfdaşlıqda fəallığını artırır

Bakı, 31 oktyabr, AZƏRTAC

2025-ci ilin ötən dövrü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üçün beynəlxalq əməkdaşlığın genişləndiyi, məhsuldar və perspektivli mərhələ olub. Agentlik ölkəmizin qida təhlükəsizliyi sahəsində nüfuzunun artırılması, ixrac imkanlarının genişləndirilməsi və qlobal tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müddət ərzində AQTA nümayəndələri Rusiya, Səudiyyə Ərəbistanı, Macarıstan, Çin, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə aktiv iştirak edib. Həmçinin FAO, UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının seminar və konfranslarında Azərbaycan təcrübəsi uğurla təqdim olunub.

Agentlik Pakistan, İran, Moldova, Macarıstan, Polşa, Səudiyyə Ərəbistanı və Çin kimi ölkələrlə əməkdaşlıq sənədləri imzalayaraq qarşılıqlı əlaqələri gücləndirib. Xüsusilə, Çin ilə fındıq və badam ixracına dair protokol Azərbaycan məhsullarının yeni və perspektivli bazarlara çıxışını təmin edən mühüm nailiyyət kimi qiymətləndirilir. Eyni zamanda, ölkəmizdən balıq məhsullarının Avropa İttifaqına ixracına razılıq əldə edilib.

AQTA həm də beynəlxalq tədbirlərin təşkilində fəal rol oynayıb. Agentliyin təşəbbüsü ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Avropa İttifaqı ilə birgə Heyvan Rifahı Platformasının Rəhbər Qrupunun iclası, eləcə də “Elm fəaliyyətdədir” beynəlxalq konfransı keçirilib. Hər iki tədbir qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində bilik mübadiləsini təşviq edib və Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.

Seçilən
21
azertag.az

1Mənbələr