AZ

Xaçmazda törədilən qətlin təfərrüatları: 17 yaşlı yeniyetmə anasını öldürməkdə şübhəli bilinir

Xaçmaz, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 29-da bıçaqlanan Çaykənarı kənd sakini, Məmmədova Həqiqət Tərlan qızı təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı çoxlu qan itirən 42 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Orxan Şeydayev bildirib ki, oktaybrın 29-u saat 19:30 radələrində 1983-cü il təvəllüdlü şəxs (qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə, sol dirsək oynağı, sağ saidin, sol əlin ovuc hissəsinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, oktyabrın 30-da saat 19:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən, mərhumun 17 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mərhumun qohumları bildiriblər ki, ana və övladı arasında münaqişə telefon üstündə başlayıb. Yeniyetmə anasının telefon işlətməsinə qarşı olub, bu səbəbdən mütəmadi mübahisələr yaranıb. Aralarındakı sonuncu mübahisədən sonra Həqiqət Məmmədova yaşadığı evdən çıxaraq kənddəki qohumunun evinə gedib. Bir müddət sonra yeniyetmə həmin evə hücum edərək anasına çoxsaylı bıçaq zərbələri vurub.

Hadisə şahidi Züleyxa İskəndərovanın sözlərinə görə, mərhum Qusarda meyvə bağlarında briqadir kimi çalışırdı. Hadisə baş verən gün H.Məmmədova işdən gəlib çay dəmləmək istəyib. Bu zaman gözlənilmədən evə daxil olan yeniyetmə anasına çoxsaylı bıçaq zərbələri vurub. “Qusardan işdən gəlmişdi. Çay hazırlayırdı. Birdən qışqırdı ki, xala qoyma, kömək elə. Mən də divanda oturmuşdum, xəstə adamam. İçəri girən kimi anasını bıçaqladı. Stulu başına vurdum ki, buraxsın bıçağı əlindən. Stul belinə dəydi, bıçağı atıb çıxıb getdi”,-deyə hadisə şahidi söyləyib.

Qətlə yetirilən qadının 2 oğul övladı var. Hadisəni ailənin kiçik övladı törədib.

Hadisəsi törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə polislər tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başladılıb, istintaq araşdırmaları aparılır.

 

Seçilən
17
8
azertag.az

9Mənbələr