BAKI, 31 oktyabr. TELEQRAF
Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Tural Şakir oğluna məxsus “Sushi Club” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə Teleqraf-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatlarınüzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
 
                        