Süni intellekt sahəsinə qlobal investisiya sürətlə artmaqda davam edir. Analitiklər bu rəqəmin 2026-cı ilə qədər 2 trilyon dolları keçəcəyini və 2029-cu ilə qədər 3,3 trilyon dollar səviyyəsində olacağını proqnozlaşdırırlar.
Analitiklər bu sahəni elektrik enerjisi və internet kimi iqtisadi təmələ çevrilən texnologiya adlandırırlar. Bəzi sahələrdə iş yerlərinin azalacağı ilə bağlı narahatlıq qalsa da, ekspertlər süni zəkanın əmək bazarını tam yox etməyəcəyini bildirirlər. Tarix boyu yeni texnologiyalar əmək bazarını aradan qaldırmaq əvəzinə, onu yenidən formalaşdırıb. Maşınlar əl işlərini əvəz edib, kompüterlər sənədləşmə işlərini asanlaşdırıb.
Mütəxəssislər süni intellektin illik qlobal məhsuldarlığının 0,3 faiz artıracağını və gələcəkdə insanlara əlavə gəlir gətirəcəyini ehtimal edirlər. Onların qənaətinə görə, süni zəka texnologiyaları yaxın gələcəkdə adambaşına bir neçə min dollar əlavə gəlir gətirə bilər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”