AZ

Danimarkalı alimlər zəhərli ilan sancmalarına qarşı universal bir vasitə hazırlayıblar

Stokholm, 31 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Hər il ilan sancmaları dünyada 100 mindən çox insanın ölümünə, yüz minlərlə insanın əlil qalmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, Danimarka Texniki Universitetinin tədqiqatçıları artıq bir çox insanın həyatını xilas edə biləcək yeni bir müalicə vasitəsi hazırlayıblar.

Beynəlxalq komanda mambalar, kobralar və halqalı ilanlar da daxil olmaqla 17 Afrika ilan növünün zəhərinə qarşı təsirli olan geniş spektrli bir antidot hazırlayıb. Alimlər immunizasiya olunmuş atlardan anticisimlər alınması üzrə ənənəvi üsul əvəzinə, dəvələrdən, lamalardan və alpakalardan faq displeyindən istifadə yolu ilə əldə olunan anticisimlərdən istifadə ediblər. Bu nanocisimlər klinikayaqədərki sınaqlarda yüksək effektivlik və stabillik nümayiş etdirib.

Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib. Lakin, preparatın insanlara tətbiqi hələ çox uzaqdadır - layihənin klinik sınaqlar və sənaye istehsalı üçün maliyyələşdirməyə ehtiyacı var.

Layihənin rəhbəri professor Andreas Hugaard Laustsen-Kil vurğulayır ki, qlobal ehtiyaca baxmayaraq, böyük əczaçılıq şirkətləri bu layihəyə investisiya qoymağa tələsmir, çünki bu, yoxsul ölkələrə xas olan bir problemdir. Buna baxmayaraq, alimlər ümid edirlər ki, onların məhsulu dünya miqyasında əlçatan olan ilk həqiqi universal ilan əleyhinə zərdabın əsasını təşkil edəcək.

Seçilən
42
2
azertag.az

2Mənbələr