Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə İsveçrə Federal Metrologiya İnstitutu (METAS) arasında elmi və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə saziş imzalanıb.
AzMİ-dən AZƏRTAC-a bildirilib ki, sazişə əsasən Azərbaycan Metrologiya İnstitutu və METAS arasında nəzəri və praktiki təcrübə mübadiləsi, ölçmələrin dəqiqliyinin artırılması və beynəlxalq tanınmanın möhkəmləndirilməsinə, eləcə də əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə xidmət edən birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat və innovasiya layihələrinin icrası planlaşdırılır.
Bundan əlavə, sənəd seminar və təlim proqramlarının təşkilini, laboratoriyalararası tutuşdurmaların keçirilməsini, habelə qanunverici və sənaye metrologiyası sahəsində birgə fəaliyyətləri də əhatə edir.
 
                        