AZ

Ərdoğandan beş ölkəyə sərt təpki: Dünya sizin ümidinizə qala bilməz

BAKI, 31 oktyabr. TELEQRAF

“BMT Təhlükəsizlik Şurasında qərarların qəbulunda mövcud olan ədalətsiz sistem qlobal problemlərin həllinə imkan vermir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən TRT World Forumda çıxış edərək deyib.

“Hər keçən gün daha ədalətli, daha inklüziv və daha əhatəli qlobal sistemin yaradılmasının zəruriliyini bir daha göstərir. Müharibələr, qarşıdurmalar, bərabərsizlik və ədalətsizlik bəşəriyyətin gündəmini tamamilə ələ keçirib. Təəssüf ki, İkinci Dünya müharibəsinin qalibləri tərəfindən qurulan mövcud sistem artıq dövrümüzün reallıqları və tələblərinə cavab vermir. BMT Təhlükəsizlik Şurasındakı ədalətsiz qərarvermə strukturu səbəbindən bəşəriyyətin problemlərinə həll tapmaq mümkün olmur”, - o bildirib.

Ərdoğan əlavə edib ki, çox vaxt həm problemlər, həm də onların həlli yolları açıq görünsə də, dünyanın bir çox yerlərində günahsız insanlar hələ də ölürlər: “Bəşəriyyətin taleyi beş ölkənin iradəsinə buraxıla bilməz, ona görə də biz deyirik: dünya beşdən böyükdür”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına ABŞ, Çin, Böyük Britaniya, Fransa və Rusiya daxildir.

Seçilən
27
teleqraf.com

1Mənbələr