“Türkiyə və Azərbaycan çox mühüm strateji keçid nöqtəsində yerləşdikləri üçün hər iki ölkə sağlam əlaqələr qurmaq imkanlarını əldən verməmək məqsədilə hər fürsəti düzgün dəyərləndirir”.
Bunu Bakıvaxtı.az-a türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay Türkiyə-Azərbaycan münasibətlərini pozmağa cəhd göstərən qüvvələrdən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının iki əsas üzvü kimi, aralarındakı münasibətləri beynəlxalq əlaqələr tarixində nadir rast gəlinən bir səviyyədə gözəl şəkildə davam etdirirlər:
"Bununla yanaşı, hər bir ölkə öz xarici siyasət prioritetlərini regional geosiyasi şəraitə uyğun müəyyənləşdirir. Dövlətlərin müstəqil olmasının əsas səbəblərindən biri də xarici siyasətlərini müstəqil şəkildə, öz regional maraqları çərçivəsində formalaşdırmaqdır”.
Müsahibimiz bildirib ki, bu baxımdan, Türkiyənin xarici siyasəti ilə Azərbaycanın xarici siyasəti bəzən tam uyğun gəlməyə bilər. Onun sözlərinə görə, Fələstin, Qəzza və Həmas məsələlərində Türkiyənin prioritetləri ilə Azərbaycanın prioritetləri eyni istiqamətdə olmaya bilər:
“Belə olan halda, iki ölkənin bu məsələlər üzərindən ümumi münasibətləri pozacaq addımlar atması və ya sərt bəyanatlar verməsi məntiqli deyil. Türkiyədə Qəzza məsələsinin həddindən artıq qabardılması nəticəsində, istənilən nəticə əldə olunmadıqda, günahkar axtarma psixologiyası ilə Azərbaycana qarşı mənfi münasibət formalaşdırıldığı müşahidə olunur. Lakin bu, dövlətin və ya hökumətin rəsmi siyasəti deyil. Bu, Türkiyədəki bəzi kiçik, lakin səs-küylü qrupların davranışlarında əks olunur".

Hasan Oktay: Hökumət daxilində də belə kiçik qruplar mövcuddur, lakin...
Analitikə görə, bu qruplar kənar qüvvələrin təsiri ilə hərəkət edən çevrələrdir:
"Türkiyədə azsaylı, amma səsi çox çıxan bu kimi ünsürlərin xarici əlaqələr vasitəsilə ölkə daxilində siyasətə təsir etməyə və istiqamət verməyə çalışdığı məlumdur. Hökumət daxilində də belə kiçik qruplar mövcuddur, lakin Türkiyə–Azərbaycan münasibətləri nəzərə alındıqda, onların fikirlərini hökumətin rəsmi mövqeyi kimi qiymətləndirmək doğru deyil".
Aydın Baxış
 
                        