AZ

Analitik: Bakı-Tiflis təmasları regionun gələcəyi baxımından böyük əhəmiyyət daşıyır

31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və nəqliyyat, humanitar istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional gündəmdə yer alan aktual məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında formalaşmış fəal siyasi dialoqun, regional platformaların əlaqələrin möhkəm əsasını təşkil etdiyi qeyd olunub.
Nazirlər regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün birgə səylərin önəmini qeyd ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, əslində Azərbaycan və Gürcüstan arasında müzakirə edilən gündəm kifayət qədər genişdir:

"Xüsusilə də son dövrlərdə Cənubi Qafqazda baş verən proseslər bu əlaqələrin tonunu müəyyənləşdirir. Tbilisi və Bakı zaman-zaman siyasi məsləhətləşmələr aparır və buna həqiqətən də ehtiyac var. Birincisi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişafı Cənubi Qafqazda yeni tendensiyalar formalaşdırır. Bu tendensiyalar artıq regionun gələcəyi və onun arxitekturası ilə bağlı müzakirələri zəruri edir. Çünki söhbət təkcə Azərbaycan-Ermənistan sülhündən getmir. Qarabağ münaqişəsi bütövlükdə Cənubi Qafqazın siyasi dinamikasına təsir göstərmiş bir məsələ idi. Bu təsir həm də regionun üç ölkəsi -Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərə öz izini qoymuşdu. Həmin dövrdə Cənubi Qafqazda regiondan kənar qüvvələrin müdaxiləsi üçün də şərait yaranırdı. Qarabağ münaqişəsi Cənubi Qafqazı sanki rəqabət və mübarizə meydanına çevirmişdi. Azərbaycan, Ermənistan və Gürcüstan uzun müddət geosiyasi burulğanın arxasında qalmışdı. Lakin indi şərtlər dəyişib. Qarabağ məsələsi artıq tarixə qovuşub və iki ölkə arasında başlayan sülh prosesi Cənubi Qafqazın gələcəyinə müsbət təsir göstərməkdədir. Bu baxımdan, “Qafqaz evi” ideyası — yəni region daxilində siyasi əməkdaşlığın qurulması təşəbbüsü yenidən aktuallıq qazanır. İndi bu istiqamətdə praktiki zərurət də daha çox hiss olunur. Azərbaycan, Gürcüstan və Ermənistan arasında aparılan məsləhətləşmələr həm ikitərəfli, həm də üçtərəfli formatda davam edir və bu prosesin gələcəkdə daha da intensivləşəcəyi gözlənilir. Burada əsas məsələlərdən biri regionda kommunikasiya və nəqliyyat xətlərinin açılmasıdır. Azərbaycan və Ermənistan arasında kommunikasiyaların bərpa edilməsi Cənubi Qafqazda yeni nəqliyyat imkanlarının yaranmasına gətirib çıxaracaq. Bu, həm də regionun üç ölkəsini birləşdirən vahid kommunikasiya sisteminin formalaşmasına zəmin yarada bilər. Hər üç ölkənin nəqliyyat potensialının birləşdirilməsi, Cənubi Qafqazı daha inteqrə olunmuş və inkişaf etmiş bölgəyə çevirmək baxımından əhəmiyyətlidir. Cənubi Qafqaz həm də Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm rola malikdir. Buna görə də Azərbaycan, Gürcüstan və Ermənistanın kommunikasiya sistemlərinin bir-birinə inteqrasiya olunması zəruridir. Bu, hər üç ölkəyə qarşılıqlı nəqliyyat imkanlarından daha səmərəli istifadə etməyə şərait yaradacaq".

Analitik əlavə edib ki, Gürcüstan tərəfini narahat edən məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasından sonra onun tranzit rolunun azalması ehtimalıdır:
"Belə fikirlər Zəngəzur dəhlizi gündəmə gələndən bəri səslənir. Lakin Azərbaycan bu məsələni daim rəsmi şəkildə müzakirə edir və vurğulayır ki, söhbət Gürcüstanın tranzit imkanlarının azalmasından getmir. Əksinə, Azərbaycanın Avropaya çıxan əsas infrastruktur layihələri məhz Gürcüstan ərazisindən keçir. Zəngəzur dəhlizi sadəcə regionun nəqliyyat imkanlarını genişləndirən əlavə bir marşrut rolunu oynayır. Bu, Gürcüstanın tranzit üstünlüyünü azaldan deyil, əksinə, regionun nəqliyyat sistemini tamamlayan bir layihədir. Beləliklə, Bakı və Tbilisi arasında bu məsələlər daim müzakirə mövzusudur. Gürcüstan üçün də bu, prioritet istiqamətlərdən biridir. Nazirlərin son görüşündə təhlükəsizlik, iqtisadi və humanitar məsələlərin müzakirə edilməsi də təsadüfi deyil. Çünki ümumi gündəm geniş və çoxşaxəlidir. Bu cür təmaslar nəticə etibarilə həm ikitərəfli münasibətlərin dərinləşməsi, həm də regionun gələcəyinin formalaşması baxımından böyük əhəmiyyət daşıyır".
Seçilən
3
sherg.az

1Mənbələr