Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-nin ölkəni işğal etməsi yönündə təbliğat aparan və bunu təşviq edən şəxslərin vətəndaşlıqdan çıxarılması üçün konstitusion iş aparılacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Maduro ad çəkmədən müxalifət nümayəndələrini hədəf alaraq onları ABŞ-nin Venesuelanı işğal etməsini təşviq etməkdə ittiham edib.
Maduro müxalifətin aparıcı simalarından olan Leopoldo Lopez və Maria Corina Machadonu nəzərdə tutaraq, vətəndaşlıqdan çıxarma tələbinin Venesuela Konstitusiyasının 130-cu maddəsinə əsaslandığını bildirib.
Lakin Konstitusiyanın 35-ci maddəsinə görə, vətəndaşlıqdan çıxarma qərarı yalnız Ali Məhkəmə tərəfindən verilə bilər və doğuşdan Venesuela vətəndaşı olan şəxslər vətəndaşlıqdan çıxarıla bilməz.
Bu arada Sucre və Delta Amacuro ştatlarını ziyarət edən Maduro, Trinidad və Tobaqo hökumətini ABŞ-yə boyun əyməkdə ittiham edib.
“Biz qardaşıq, sülh üçün birləşək. Qrinqoların (ABŞ-nin) Karib dənizində müharibə çıxarmasına imkan verməyək. Budur qardaş əllərimiz, Trinidad və Tobaqo birləşmiş xalqlardır. Yaxşı qonşuluq, rifah və əməkdaşlıq üçün birləşək”, -deyə Maduro bildirib.
ABŞ hökumətinin bölgədə fitnə, intriqa, nifrət və yad düşmənçiliyi toxumları səpdiyini vurğulayan Maduro, Vaşinqtonun məqsədinin qonşu ölkələri bir-birinə düşürərək müharibə yaratmaq olduğunu iddia edib.Digər tərəfdən Maduro ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən həyata keçirildiyi iddia edilən bir planın uğursuzluğa düçar olduğunu irəli sürüb.
Maduroya görə, CIA ABŞ-nin Trinidad və Tobaqodakı hərbi gəmilərinə hücum təşkil etməyi və bu hücumun məsuliyyətini Venesuelanın üzərinə atmağı planlaşdırırdı.
Maduro bu iddia ilə bağlı belə deyib:
“Şərliyi ilə tanınan CIA ABŞ-yə məxsus gəmilərə hücum edəcəkdi. Bəs günahı kimə atacaqdılar? Venesuelaya. Niyə? Qardaş xalqlar arasında qarşıdurmanı və hərbi gərginliyi əsaslandırmaq üçün”.
 
                        