Bakı, 31 oktyabr, Səbinə Əlizadə, AZƏRTAC
Orta Dəhliz yalnız Gürcüstan ərazisindən deyil, eyni zamanda, alternativ Cənubi Qafqaz marşrutları ilə də şaxələndirilə bilər. Bu isə region üçün risklərin azaldılması və çoxistiqamətli əlaqələrin formalaşdırılması baxımından mühüm imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Mustafa Ilıcalı bildirib.
Onun sözlərinə görə, TRIPP (Trans-Caspian International Transport Route Integration Project) çərçivəsində yalnız dəmir yolu nəqliyyatının deyil, həm də enerji xətləri, fiber-optik kabellər və logistika obyektlərinin inteqrasiyası nəzərdə tutulur. Bu inteqrasiya regionun nəqliyyat və enerji infrastrukturunun dəyərini əhəmiyyətli dərəcədə artıra bilər.
Mustafa Ilıcalı söyləyib ki, mövcud marşrutlarda İran, Rusiya və Gürcüstan ərazilərindən keçən tranzit asılılıqlarının azalması Türkiyə ilə Avrasiya arasında birbaşa və funksional əlaqələrin qurulmasına şərait yaradacaq.
Ekspertin qənaətincə, Zəngəzur dəhlizi (TRIPP) Orta Dəhlizin daşıyıcılıq qabiliyyətini və strateji əhəmiyyətini ciddi şəkildə yüksəldə bilər. Bu isə Türkiyə baxımından logistika və tranzit sektorunda yeni imkanların yaranmasına, ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici aktora çevrilməsinə, infrastruktur, investisiya və xarici siyasət sahələrində strateji üstünlüklərin əldə edilməsinə gətirib çıxaracaq.
Politoloq vurğulayıb ki, bu üstünlüklərin reallaşması üçün marşrutun texniki, kommersiya, hüquqi və təhlükəsizlik baxımından dayanıqlı şəkildə qurulması vacibdir. Türkiyə həm infrastruktur hazırlıqlarını gücləndirməli, həm də regional əməkdaşlıq mexanizmlərini daha səmərəli şəkildə işə salmalıdır.