Son zamanlar idman zallarında ölüm halları çoxalıb. Bu ölümləri də bir qayda olaraq ürəktutması ilə əlaqələndirirlər. Belə vəziyyətdə idman zallarına davamlı gedən şəxslərdən sağlamlıq haqqında arayışın tələb olunması zərurəti ortaya çıxır.
Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, son zamanlar ürəktutma halları, qəfləti ölümlərin statistik göstəriciləri yaşdan asılı olmayaraq artmaqdadır: “Belə arzuolunmaz və faciəvi hallardan mühafizə olunmaq üçün birinci növbədə ürək xəstəliklərindən şikayəti olan, yaxud olmayan bütün vətəndaşlar mütəmadi olaraq ürək, qan-damar sisteminin fəaliyyətini təhlil etdirməli, lazım gəldikdə isə müvafiq müalicə, habelə profilaktik təyinatlar almalıdırlar.
Qeyd etmək lazımdır ki, trenajorlarda məşq edən hətta gənc insanlar arasında da qəfil ölüm halları baş verir.
Əvvəla trenajora ağır atletik məşqlərə maraq göstərən gənclərimiz, xüsusən də orta yaşlı insanlarımız məşqlərə başlamazdan əvvəl kardioloji müayinədən keçib müvafiq arayış alsalar, yaxşı olar. Təbii ki, idman həvəskarlarında kardioloji problemlər aşkar edilməzsə, o zaman davamlı idmanla məşğul olmalarında heç bir problem yoxdur. Müayinə zamanı ürək, qan-damar sistemində dərəcəsindən asılı olmayaraq, hansısa patologiya aşkarlanırsa, artıq bu şəxs risk qrupuna aid edilməli, yalnız yüngül prosedurlar məsləhət görülməlidir.
Eyni zamanda revmatik, infeksion, allergik, endokrin, sinir mənşəli bir sıra patologiyaların da ürək, qan-damar sisteminin normal fəaliyyəti üçün təhdid yaratması nəzərdən yayınmamalıdır. Keyfiyyətsiz protein məhsullarının istifadəsi və həddən artıq yüklənmə kimi hallar da faciələrə səbəb ola bilir. Hər bir məşq zalında məsləhətçi həkim, professional məşqçi olsa, müəyyən qədər gərginlik stenokardiyasından yaranan infarkt hallarının və qəflət ölümlərin qarşısını almaq olar”.
 
                        