
Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini, 2008-ci ildə Bakıda irəli sürülən və YUNESKO tərəfindən dəstəklənən "Bakı Prosesi"nin bu istiqamətdə uğurlu nümunə kimi beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb.
Missiya.Az xəbər verir ki, bu barədə nazir Özbəkistannın Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində oktyabrın 31-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı danışıb.
Nazir Ceyhun Bayramov BMT Nizamnaməsi və YUNESKO-nun Konstitusiyasının 80 illik yubileyinin çoxtərəflilik və sülh prinsiplərinə öhdəliyin vacibliyi və birgə dəyərlərə əsaslanan qlobal həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələ olduğunu vurğulayıb.
Azərbaycanın YUNESKO ilə tərəfdaşlığın mədəni irs və müxtəliflik, inklüziv təhsil, elmi tərəqqi və beynəlxalq həmrəyliyə dair ortaq öhdəliklərə əsaslandığı və donor ölkə olaraq mədəniyyət, elm, gənclərin imkanlarının genişləndirilməsi və mədəniyyətlərarası dialoq kimi sahələrdə irəli sürülən təşəbbüsləri dəstəklədiyi qeyd olunub.
Azərbaycanın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında 24 elementlə dünyada ön sıralarda yer aldığı bildirilib.
Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağıdılmış mədəni irsinin bərpasının hökumətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu prosesdə minalanmış ərazilərin böyük maneə yaratdığını qeyd edib.
Nazir, həmçinin təhsil sahəsində dayanıqlı inkişaf baxımından Azərbaycan tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyul 2023-cü il tarixli Fərmanı ilə təsis olunmuş Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzv ölkələrindən hər il 100 tələbəyə, ümumilikdə 5 il ərzində 500 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradıldığını bildirib.
Nazir çıxışında bundan əlavə, Azərbaycanda həyata keçirilən təhsil islahatlarına, rəqəmsal savadlılığa, gənclərimiz üçün Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat imkanlarına qoyulan sərmayələrə toxunaraq, 2030-cu ilin Gündəliyinə, xüsusilə də təhsil üzrə 4-cü dayanıqlı inkişaf məqsədinə böyük əhəmiyyət verildiyini və Azərbaycan-YUNESKO Etimad Fondu vasitəsilə də bir sıra layihələrin dəstəkləndiyini qeyd edib.
Çıxışının sonunda nazir YUNESKO-nun tərəfdaşlıq və anlaşmanın mühüm təşkilatı olmasını vurğulayaraq, heç bir regionun və ölkənin geridə qalmaması üçün birgə səylərin gücləndirilməsinə çağırış edib.
