Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.
"Qeyd etmək lazımdır ki, Saakyanın "422 cildlik iş materiallarına çıxışın olmaması" barədə iddiası da faktlarla uzlaşmır. Azərbaycan hüquq sistemi şəffaflıq prinsiplərinə əsaslanır və beynəlxalq müşahidəçilər də bu proseslərdə iştirak edə bilirlər. Əgər Vardanyan və ya onun ailəsi tərəfindən müəyyən hüquqi narazılıq varsa, bu, istintaq orqanlarına və məhkəməyə təqdim edilə bilər. Lakin bu ictimai fikri çaşdırmaq cəhdi kimi istifadə olunmamalıdır," - deyə siyasi şərhçi bildirib.
Ekspert qeyd edib ki, diqqətçəkən məqam ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atıldığı bir vaxtda bu cür bəyanatlar ortaya çıxır. Ermənistan daxilində bəzi dairələr sülh prosesinin irəliləməsindən narahatdır və Vardanyan kimi fiqurları "qurban obrazı" kimi təqdim edərək siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.
B.Quluyev əlavə edib ki, əslində, bu iddiaların məqsədi beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə təbliğat aparmaq, prosesin obyektivliyinə kölgə salmaq və Ermənistan daxilində revanşist qüvvələrin mövqeyini möhkəmləndirməkdir. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan hüquqi dövlət prinsiplərinə sadiq qalaraq, istintaq və məhkəmə işlərini qanun çərçivəsində aparır.
"Hesab edirəm ki, Saakyanın və ona bənzər açıqlamaların hüquqi əsası yoxdur və bu cəhdlər, əslində, regionda sülh və ədalətin bərqərar olmasına mane olmaqdan başqa bir məqsəd daşımır," - deyə ekspert vurğulayıb.
Sevda Dəniz