ain.az bildirir, Cebheinfo portalına istinadən.
Son vaxtlar ölkədə yol verdiyi nöqsanlara görə vəzifədən azad edilən bəzi məmurlar əsasən çalışdığı dövrdə külli miqdarda vəsati mənimsəməkdə günahlandırılırlar.
Ancaq həmin şəxslər onun mənimsədiyi iddia edilən məbləği müvafiq qurumlara təhvil verməklə cinayət məsuliyyətindən azad edilirlər.
Son belə olay AMEA-da Sosial xidmətlər şöbəsinin müdiri olan Elton Məmmədovun 3 milyon manat mənimsəməsi və daha sonra onu geri qaytarması ilə bağlı olub.
İqtisadçı-ekspert Natiq Cəfərli bu barədə öz fikirlərini bildirib:

“Deyilənə görə, Mehdiyevin yaxın adamı olduğu iddia edilən Elton Məmmədov AMEA-da işləyərkən 3 milyon manat mənimsəyib və rəsmi orqanlar ona xəbərdarlıq ediblər, o da pulu qaytarıb. Nə gözəl, adam 3-4 əvvəl bu vəsaiti mənimsəyib, elə deyil?
Əgər 3 mln. manatı banklara illik 8-9%-lə (indi 10% də var) depozitə qoysatdı, ilə 240-270 min, 3 ilə, ortalama 700-750 min pul qazanardı. Yaxşı biznesdir, 3 mln. manat oğurla, qoy banka, 3 il depozitini götür, sonra qaytar, sonda da sənə ancaq xəbərbarlıq etsinlər”.
Ümumiyyətlə, vəzifəli şəxs mənimsədiyi külli miqdarda vəsaiti geri ödəməklə cinayət məsuliyyətindən azad edilirmi?
Məsələ ilə bağlı vəkil Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, əvvəllər Azərbaycan Cinayət Məcəlləsində belə qaydalar yox idi:

“Ancaq sonralar Azərbaycan Cinayət Məcəlləsində dəyişikliklər edildi. Müəyyən cinayət əməlləri var ki, onu törədən şəxs vurduğu ziyanı tam şəkildə ödəyirsə, bu maddələr ona şamil olunur. Yəni ziyanın məbləğinə uyğun olaraq 25, 50, 100 olmaqla faiz tətbiq olunur. Belə ki, vurduğu ziyan 5 minə qədər olduqda 25 faizi, 50 minə qədər olanda 50 faizi, 50 mindən 500 minə qədər olanda 100 faiz hissəsində dövlətə ödəniş edir.
Dövlət büdcəsinə ödəniş etdikdən sonra cinayət məsuliyyətindən azad ola bilər. Ancaq praktikada görürük ki, bəzi hallarda şəxs barədə cinayət işi başlanılmadan, sənədlər material şəklində olanda təqsirləndirilən şəxs kimi cəlb edilmədən, şahid kimi dindirilən zaman onun barəsində şikayətin əsaslı olduğu və ziyan vurduğu müəyyən edildikdə, ona bu ziyanı ödəməsi təklif olunur.
Həmin şəxs ziyanı ödədikdən sonra onun barəsində cinayət işinin başlanmaması ehtimalı var. Dövlətə ödəməli olduğu hissə artıq cinayət işi başladığı təqdirdə mümkündür. Yəni şəxs barəsində artıq cinayət işi başlanılıbsa, ona xitam verilməsi vurduğu ziyanı ödəməsi nəticəsində baş verə bilər.
Qeyd etdiyim ki, ancaq bəzi hallarda istintaq orqanları cinayət işi başlamadan şəxsə təklif edirlər ki, ziyanı ödəsin, ümumiyyətlə, onun barəsində cinayət işi başlamasın. Belə olduğu təqdirdə cinayət işi başlamadan o şəxs yalnız dəyən ziyanı ödəməklə məsuliyyətdən yayına bilir”.
Vəkil bildirib ki, bütün bunlar Cinayət Məcəlləsinin yalnız bir neçə maddəsində nəzərdə tutulub, ancaq rüşvətlə bağlı hissədə belə hal yoxdur:
“Yəni aldığı rüşvəti geri qaytarmaq, dövlətə pul ödəmək kimi məsuliyyətdən yayınmaq halı nəzərdə tutulmayıb. Bu şəxs korrupsiya halına yol veribsə, mütləq şəkildə onun barəsində ən azından bu maddə ilə cinayət işi başladıla bilər.
Ancaq bütün dünyada hüquq sahəsində, istintaq orqanlarında, prokurorluqda razılaşma yolu ilə məsələnin həlli qaydaları nəzərdə tutulub. Yəni cinayət istintaqını aparan orqan təqsirləndirilən şəxslə müəyyən razılaşmaya gedə bilər. İstintaq orqanlarının məqsədi burada yalnız şəxsi cəzalandırmaqdan ibarət deyil. İlk növbədə məqsəd vurulmuş ziyanın geri qaytarılmasıdır. Çünki əksər hallarda bu ziyan dövlət büdcəsinə vurulan ziyandır. Təbii olaraq belə razılaşma mümkündür”.
Vəkilin sözlərinə görə, şəxs barəsində korrupsiya ilə bağlı cinayət işi başlanılıbsa, məbləği geri qaytarması, barəsində şikayətin olmaması onun məsuliyyətə cəlb edilməməsi üçün əsas deyil:
“Əgər korrupsiya ilə bağlı cinayət işi başlayıbsa, mütləq şəkildə həmin şəxs cinayət məsuliyyətinə cəlb olunacaq. Təəssüf ki, bir çox hallarda korrupsiya ilə bağlı bu məlumat gec aşkar edildiyi, istintaqı kifayət qədər vaxt apardığı üçün bəzi hallarda məsuliyyətə cəlb etmə müddəti ötür. Məhkəmə qaydasında işə baxılan zaman həmin maddələr üzrə cəlbetmə müddəti ötdüyü üçün həmin şəxslərə cəza verilmir.
Ancaq bu, böyük məbləğlərdə baş verirsə, məsuliyyətə cəlbetmə müddəti ötməyəcək və onlar həmin məbləği geri qaytarsalar da, məsuliyyətə cəlb olunacaqlar. Bir çox hallarda istintaq orqanları cinayət işi başlamadan həmin razılaşmanı əldə edirlər. Böyük ehtimalla o razılaşmada digər şərtlər də var.
Cinayət işi başlanarsa, həmin şəxs barəsində istintaq aparılarsa, istintaqın vəzifələrindən biri də cinayət yolu ilə əldə edilən gəlirlərin tam müəyyən edilməsidir. Əgər şəxs külli miqdarda pulu rüşvət şəklində alıbsa, həmin rüşvət hesabına bir biznes qurubsa, əmlak alıbsa, həmin biznesin də, əmlakın da müəyyən edilməsi istintaqın vəzifələrindən biridir. Məhkəmə tərəfindən gələcəkdə həmin əmlakların müsadirə edilməsi ilə bağlı qərar da qəbul oluna bilər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər:
Elton Məmmədov Natiq Cəfərli Ruslan Mustafayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
