Bakı, 31 oktyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Böyük Qayıdışa aparan yollar” adlı sərgi-təqdimat keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü, fotojurnalist Rafiq Bağırovun Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründəki fəaliyyəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən fotoşəkillərinə baxıblar.
Sonra sərgi salonunda Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda çəkilmiş videogörüntülər nümayiş etdirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ulu Öndər Heydər Əliyevin xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız nailiyyətləri, o cümlədən böyük Zəfəri və başlanmış “Böyük Qayıdış”ı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sədri müavini Fuad Hüseynov açılış nitqi ilə çıxış edib.
Milli Məclisin sədrinin müavini, akademik Rafael Hüseynov ölkədə qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlər çadır və vaqon düşərgələrdən müasir qəsəbələrə köçürülüb, yeni ev və mənzillələrlə təmin olunub. Birinci vitse-prezident Mehriban Əliyeva da məcburi köçkünlərə bu istiqamətdə davamlı dəstək göstərir.
Tədbirdə “Böyük Qayıdışa gedən yollar” adlı videoçarx təqdim olunub, sərgi və yaradıcılığına görə Rafiq Bağırova Dövlət Komitəsi adından təşəkkürnamə verilib. Fotoqraf yaradıcılığına göstərilən diqqətə görə Dövlət Komitəsinə minnətdarlıq bildirib.
Rafiq Bağırovun 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevin Cəbrayıldan olan məcburi köçkünlərlə görüşündə çəkdiyi şəkillər içərisində azyaşlı uşaqla – Səma Məmmədova ilə fotosu daha çox diqqət çəkib. Tədbirdə çıxış edən Cəbrayıldan keçmiş məcburi köçkün Səma Məmmədova həmin dövrlə bağlı təəssüratlarını bölüşüb, Ulu Öndərin daim məcburi köçkünlərə diqqət və qayğısı göstərdiyini vurğulayıb.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və yazıçı-publisist Təhmasib Novruzov çıxış ediblər. Natiqlər “Böyük Qayıdış”ın milli həmrəyliyin, vətən sevgisinin və dirçəliş ruhunun təzahürü olduğunu bildiriblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
 
                        