AZ

Təhsil ocaqlarında şagirdlərimizi zəhərləyən vəhamətli əllər – REPORTAJ

Təhsil ocaqlarında şagirdlərimizi zəhərləyən vəhamətli əllər.Və bu vəhamətli əllərlə onlara məcburi yedizdirilən keyfiyyətsiz İran məhsulları.
Bu gün ölkənin bütün təhsil müəssisələrində bufetlər fəaliyyət göstərir.Və bu bufetlər də elə Təhsil Nazirliyinin öz nəzarətindədir.
Bufetlərdə satılan qida məhsullarının çeşid tərtibatı isə demək olar ki, bütün məktəblərdə eynidir.
Çünki bunun fərqli ola bilmə ehtimalı yoxdur.
Mövzunun bu hissəsinə sonda qayıdacağıq.

İndi isə məktəblərin bufetlərində yaradılan qida manipulyasiyası və bu manipulyasiya nəticəsində ortaya çıxan təhlükələrdən bəhs edək.
Bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən təhsil müəssisələrinin bufetlərində 30-a yaxın müxtəlif çeşidli yeyinti məhsulu satılır.
Və bu qida məhsullarının əksəriyyəti İran istehsalıdır.

Keyfiyyətsiz və əksər hallarda istifadə müddəti keçmiş bu qidalar, təəssüf ki, məktəblilər üçün bir seçim deyil, məcburiyyət və zərurətdir.
Çünki məktəblərin bufetlərində bu məhsullardan kənar qida və digər ərzaq çeşidlərinin satılması qadağan edilib.
Yəni anladığınız kimi, nizamlı bir monopoliya yaradılıb ki, yalnız bir firma könlünün istədiyi məhsulları, könlünün istədiyi qiymətə satsın.
Bu da azmış kimi, məktəbə kənardan yeyinti məhsulu gətirmək və ətrafdakı mağazalardan almaq da bu qadağanın bir hissəsidir.

Bundan əvvəl məktəbli formalarının alınmasında, həmçinin nazirliyin təhsil müəssisələrinin inventar təminatı üçün keçirdiyi tenderlərdə də bu tip manipulyasiyaların şahidi olmuşuq.
Amma burada qanunlar tapdansada, həyati əhəmiyyətli bir təhlükə yoxdur.
Bufetlərdə törədilən bu özbaşınalıq isə şagirdlərimiz üçün ölüm təhlükəsi saçır.
Mənbəyi və mənşəyi bilinməyən, keyfiyyətsiz və satışına demək olar ki, heç yerdə rast gəlinməyən qidalar məktəblərdə kütləvi halda satılır.

Dəfələrlə zəhərlənmə halları baş verib.
Amma bunun hansı şəraitdə baş verməsi barədə hər hansı bir statistik bölgü aparılmır və sadəcə səhiyyə ocaqlarında bu müraciətlər “qida zəhərlənməsi” kimi qeydə alınır.
Bölgənin bir neçə təhsil müəssisəsində bu məhsulların satışı valideynlərin çoxsaylı şikayətlərindən sonra məhdudlaşdırılıb.
Amma bu hal bir qədər qeyri-obyektiv əhəmiyyət daşıyır.

Bu məhsulların satışı dayandırılsa da, bufetlərdə başqa şəxslərin məhsul satmasına icazə verilmir.
Mövzünü daha dərin və təfərrüatlı araşdırmaq, bu vəhamətin səbəbkarlarını, iştirakçılarını və paydaşlarını dinləmək, minlərlə şagirdin mədəsinə soxulan bu məhsulların mənbəyini aydınlaşdırıb izləyicilərimizə dolğun informasiya istehsal edib çatdırmaq istərdik.
Amma bunun üçün bizə heç bir şərait yaradılmadı.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən tabeçiliyindəki təxminən 400-ə yaxın təhsil müəssisəsindəki minlərlə şagirdi bu ərzaqlarla təmin edən şirkətin adını belə almaq bizə müyəssər olmadı.
Bəlkə də bizim öncül hesab etdiyimiz qida məhsullarının keyfiyyəti məsələnin gizlədilməyə çalışılan ən son parçasıdır.
Amma bu, manipulyasiyanın təhlükəyə çevrilən təzahüratıdır.

Bu səbəbdən həm Təhsil Nazirliyinin, həm də dövlətin digər aidiyyəti strukturlarının məsələyə təcili müdaxiləsi zəruridir və qaçılmazdır.
Müntəzəm olaraq operativ monitorinqlər keçirilib minlərlə şagirdə, həm də məcburi formada satdırılan bu qida məhsullarının keyfiyyəti və mənşəyi yoxlanılmalıdır.

Cəlal Fərzəliyev

Seçilən
26
7times.az

1Mənbələr