AZ

Rusiya Pokrovskini işğal etsə nə olacaq?

Ukraynadakı müharibənin “Azərbaycan variantı” üzrə dayandırılması qorxulu deyil, baxmayaraq ki, Rusiya atəşkəslə bərabər bu ölkənin neytral olması şərti də daxil sənəd imzalatmaq istəyir, bu, bizim Qarabağda atəşkəsə razı olduğumuz situasiya deyil, amma...

Donetsk vilayətinin strateji Pokrovsk şəhəri (ruslar Krasnoarmeyski adlandırırlar) artıq üçüncü aydır ki, şiddətli döyüşlər gedir. Ukrayna müharibəsində maraqlı və marağı olan dünya güclərinin əsas diqqəti də indi şəhərin taleyinin necə olacağına yönəlib ki, bu da səbəbsiz deyil.

Əvvəla, Rusiya-ABŞ münasibətlərinin gərginləşməsi fonunda ordusunun ciddi hərbi müvəffəqiyyəti Vladimir Putinə çox lazımdır. Rusiyanı danışıqlar masasına oturması üçün neft-qaz şirkətlərinə sərt sanksiya tətbiq edən Tramp administrasiyasına isə Ukraynanın indilikdə duruş gətirməsi son dərəcə əhəmiyyətlidir.

Cəbhənin bu istiqamətindəki, konkret Pokrovskidəki vəziyyətlə bağlı Ukrayna rəsmilərinin məlumatı Rusiyanın ordu komandanlığının yaydığı xəbərlərlə ziddiyyət təşkil edir. Dəqiq olan budur ki, Pokrovskidə hələ Rusiya bayrağı dalğalanmır. Müharibənin ilk aylarında Rusiya hansısa məntəqəni(şəhər, qəsəbə və s.) hərbi qaydalara uyğun olaraq tam “təmizləmə” həyata keçirmədən nəzarətlərinə keçdikləri xəbərlərini yayırdılar. Putin də çıxışlarında ona verilən bu mötəbər məlumatlara istinad edərdi. Belə hallar oldu ki, Ukrayna tərəfi guya işğal olunmuş “X” məntəqəsindən videomaterial yayıb Putini yalançı çıxardı. Putin isə bunu özünə qarşı təxribat hesab etdi, belə tələsik və qeyri-dəqiq məlumat yayan bir neçə ordu komandanını sərt cəzalandırdı. Bundan sonra Rusiya Baş Qərargahı kənd və qəsəbə yalnız tam ələ keçiriləndən sonra rəsmi məlumat yayır. İki gün əvvəl Rusiya televiziyaları Pokrovskinin ələ keçirildiyini dedilər, amma bunun Baş Qərargah tərəfindən rəsmi təsdiqi hələ də yoxdur...

Pokrovsk Donetskdən 66 km şimal-qərbdə, Dnepropetrovsk vilayətinin inzibati sərhədi yaxınlığında yerləşir, Qərbi Donbasın əsas nəqliyyat, sənaye və mədəniyyət mərkəzi hesab olunur. Dobropolye, Mirnoqrad, Novoqrodovka və Selidovo şəhərləri və daha bir neçə yaşayış məntəqələri ilə birlikdə Pokrovsk şəhər aqlomerasiyasını təşkil edir. Şəhərin sahəsi 39,3 kv.km-dir. Şəhərin gerbi göy rəngli tarlalı qalxandır. Qalxanın mərkəzində dimdiyi budaqlı uçan qaranquşdur...

2022-ci ilin yanvarına, yəni müharibədən bir ay əvvələdək olan rəsmi məlumata görə, Pokrovskinin əhalisinin sayı 60 min 127 nəfər olub. Son siyahıyaalmada şəhərdə əsas etnik qruplar ukraynalılar (75,04%) və ruslar (22,09%) olub. Eyni zamanda, dil baxımından rus dili (59,84%) və Ukrayna dili (39,39%) üstünlük təşkil edib.

Pokrovsk əsas dəmir yolu qovşağıdır. Pokrovsk Donbasdakı Ukrayna Silahlı Qüvvələri qrupunun, o cümlədən Toretsk (Dzerjinsk), Konstantinovka və Çasov Yar şəhərləri, həmçinin Slavyansk-Kramatorsk aqlomerasiyası üçün ən mühüm təchizat mərkəzidir. Bu şəhər işğal edilsə, Ukrayna cəbhə xəttində daha ciddi problemlərlə üzləşəcək. Yeri gəlmişkən, məlum olub ki, Trampla Putinin Macarıstan paytaxtındakı görüşünün ləğv edilməsinə səbəb Rusiya tərəfinin ABŞ-a göndərdiyi yeni şərtləri olub.

Belə bir tirajlanmış rəy var ki, Ukrayna müharibəsi yalnız Çin istəyəndə dayanacaq. Bu iddianın bir neçə “başı” var. Əsas da budur ki, Pekin Rusiyadan hərtərəfli dəstəyini çəkərsə, Moskva danışıqlar masasına oturar. Dünən Trampın hakimiyyətə qayıdışından sonra Çin lideri ilə ilk görüşündə Ukrayna probleminin həllinə diqqət ayırıblar. Trampla görüşdə Çin lideri ənənəvi olaraq çıxışını vərəqdən oxuyurdu. Yəni bu detala ona görə diqqət çəkirəm ki, Ukrayna məsələsinin hərtərəfli müzakirəsi, hansısa ortaq qərarlar bir görüşdə mümkün deyil. Ruslar isə sevinirlər ki, Çin lideri və Tramp Ukrayna məsələsinə Zelenskinin gözlədiyi kimi diqqət yetirmədilər və s.

Çin dövlət olaraq “suyu üfürə-üfürə içməyə” tərəfdardır və bunun ziyanını da görməyiblər. Ona görə rusların sevinci əbəsdir, amma Trampın bağlı qapılar arxasında Çinlə bu mövzu üzərindən bazarlıq istəməsi də fayda verməz. Yəni Çin hələ ki Ukrayna müharibəsinin durdurulmasına qarışmır, halbuki onların da tərəflərə təklif etdikləri sülh modeli vardı. Ukrayna buna isti baxmadı, Çin də bu təklifləri ortadan qaldırdı. İndi Çin son sanksiyalardan sonra iqtisadi vəziyyəti bir az da ağırlaşan Rusiyaya daha nə qədər dəstək verəcək, bilinmir. Hər halda, Çinin Rusiyanı yarıyolda qoymaq kimi niyyəti indilikdə gözlənilmir...

Bu mövzuda son yazıda da qeyd etmişdik ki, Ukraynadakı müharibəni “Azərbaycan variantı” üzrə dayandırılması qorxulu deyil. Bəli, Rusiya atəşkəslə bərabər Ukraynaya neytral ölkə şərti də daxil dərhal sənəd imzalatmaq, buna qarantiya duracaq dövlətlər istəyir. Bu, bizim Qarabağda atəşkəsə razı olduğumuz situasiya deyil. Amma Ukraynanın mütləq “nəfəs almağa” ehtiyacı var ki, heç olmasa dövlət ayaqda qala bilsin...

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr